ŞUŞA

ŞUŞA
Tarixən hərbi strateji əhəmiyyətli alınmaz qala olan Şuşanın ancaq bir nəqliyyat yolu var idi. Ağdam – Əsgəran – Xocalı – Xanbağı – Ağa körpüsü – Şuşa. Bu yol şəhər mərkəzinə qədər uzanırdı.
Arayış. Bakıdan 410 km aralıdadır. Qarabağ silsiləsində kurort şəhəridir. 350 ha sahədə, 1930-cu ildə qurulub. 1963-cü ildə ləğv edilərək, ərazisi Xankəndinə verilib, 1965-ci ildə isə müstəqil rayon kimi bərpa edilib. Xalq arasında Qala adı ilə məşhur olan Şuşanın səthi dağlıqdır: Qırxqız, Kirs, Murov, Bağrıqan, Sarıbaba dağlarını görmək mümkündür. Ən yüksək zirvəsi Böyük Kirs dağıdır – 2725 metr. Ərazisindən Qarqar çayı axır. Dəniz səviyyəsindən təxminən 1400-1800 metr yüksəklikdə yerləşən Şuşa hər tərəfdən uzunluğu 400-600 metrə yaxın dərələrlə əhatə olunub.
Qarabağın ən səfalı guşəsində, üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş bu dağ yaylası 1977-ci ildə qoruq elan edilib.
Tarixi. Salınma tarixi XVIII əsrdə Qarabağ xanı Pənahəli xanla bağlı olsa da, bura çox qədimdən mövcud yaşayış məntəqəsidir. Daş dövrünə aid mağara Zarıslı (Daşaltı) çayının dərəsində, dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşir. XV əsr mənbələrinin məlumatlarına əsasən, Şuşa qalası hələ 3 əsr əvvəl, 1428 – ci ildə türk tayfalarının biri tərəfindən inşa edilmiş və sonradan Pənahəli xan tərəfindən möhkəmləndirilmiş və abadlaşdırılmışdı. 1747 – ci ildə Nadir şahın öldürülməsindən sonra Cənubi Qafqazda yaranmış siyasi pərakəndəlik, Pənahəli xanı öz təhlükəsizliyini təmin etmək məqsədilə güclü müdafiə imkanları olan qala tikdirməyə məcbur edirdi. Bu məqsədlə 1748 – ci ildə Bayat qalasını, 1752 – ci ildə isə Şahbulaq qalasını tikdirdi. Lakin bunlardan heç biri fasiləsiz davam edən ara müharibələri şəraitində xanlığın təhlükəsizliyini təmin etmək iqtidarında deyildi. Bundan sonra daha yüksək və etibarlı yerdə məskunlaşmağı qərar verən xan, dəniz səviyyəsindən 1300 – 1800 metr yüksəklikdəki və 3 tərəfdən sıldırım qayalarla əhatə olunmuş dağ yaylağını seçir.
Seçilmiş ərazinin çox əlverişli hərbi – strateji mövqeyə malik olduğunu başa düşən Pənahəli xan, 1754-cü ildə yeni qalanın tikintisinə başlamaq haqqında əmr verdi. 1756-cı ildə, təhlükəsiz yaşamaq üçün zəruri işlər görüldükdən sonra Qarabağ xanlığının paytaxtı buraya köçürüldü. Yerli əhali yeni salınmış şəhəri Pənahəli xanın şərəfinə “Pənahabad” adlandırır. Şiş uclu dağlar əhatəsində yerləşən Pənahabad əvvəllər “Şişə”, sonralar isə Şuşa adlandırılmağa başlandı.
Şuşaya hücumlar. Güclü Qarabağ xanlığı dəfələrlə qonşularının təcavüzünə məruz qalır. İran hakimi Ağa Məhəmməd şah Qacar 1795 və 1797 – ci illərdə iki dəfə Şuşaya hücum etsə də bu cəhd uğursuzluqla nəticələnir, sonunda buna nail olsa da, hakimiyyəti sadəcə bir gün sürür. Gecə ikən xidmətçiləri tərəfindən öldürülür.
Memarlığı. Qədim və orta əsrlərin şəhərsalma nümunələri əsasında yüksək səviyyədə bina edilən Şuşa məhəllələrə bölünmüşdü. Hər məhəllənin öz məscidi, bulağı və hamamı vardı. Şəhər daş döşənmiş küçələri, məhəllə sistemi ilə diqqəti çəkir.
Turizm mərkəzi. Havasının tərkibi, təmizliyi, müalicəvi əhəmiyyəti baxımından kurort şəhərləri arasında özünəməxsus yer tutur. Yay aylarında Turşsu yaylaqları, Səkilli bulağı, İsa bulağı, Yuxarı Daşaltı (Şəmilin) bulağı, əfsanəvi “Cıdır düzü”ndə yerli camaatın və oraya təşrif buyuran qonaqların əlindən tərpənmək mümkün deyildi. Keçmiş SSRİ-nin ən ucqar yerlərindən dünya şöhrətli kurort şəhərinin ən əvəzsiz məkanı əsrarəngiz təbiətə malik idi.
Cıdır düzü. Şəhərin cənub tərəfində nisbətən hündür və horizontal düzənlik belə adlanır. Buranın qərb tərəfi bir-birinin arxasında yerləşən 3 hündürlükdən ibarətdir. Bu təpələrə “Üçmıx” adı verilib. Ən böyük gəzinti yeridir. Hər il may ayında burada “Xarı bülbül” musiqi festivalı keçirilir.
Xarı bülbül. Bu dağlarda dünyanın başqa heç bir yerində bitməyən xüsusi gözəlliyi olan gül bitir. Xarı bülbül deyirlər. Gül elə formadadır ki, sanki gülün üstünə bülbül qonub və yerindəcə donub qalıb. Bu endemik çiçək həm də müalicə əhəmiyyətli olduğundan xalq təbabətində ondan istifadə edirlər.
Turşsu. İstirahət və müalicə zonasıdır. Mərkəzdən 40 km aralıda, Laçın yolunun üstündə yerləşir. Sol tərəfdən Daşaltı çayı axır. Turşsu müalicəvi vannaları ilə məşhurdur. Yay aylarında buraya gələn camaat çadır qurub sezonu burada başa vura bilər.
Yuxarı Daşaltı. Xalq arasında bura Şəmilin bağı kimi də məşhurdur. Buranın spesifikliyi odur ki, istirahət guşəsi Daşaltı çayının üstündə, “Ağzıyastı kaha” yerləşən Üçmıx dağının düz altında, çeşmə ətrafında yerləşir.
Görkəmli şəxsiyyətləri. Bu şəhər Azərbaycan elminə, ədəbiyyatına, musiqisinə, hərbinə, publisistikasına damğasını vurmuş onlarla şəxsiyyətin, məşhur sülalələrin vətənidir. Azərbaycan ədəbiyyatında tənqidi realizm və satirik janrın bünövrəsini qoyanlardan Qasım bəy Zakir (1784-1857), “Xan qızı” ləqəbiylə tanınan məşhur şairə və rəssam Xurşidbanu Natəvan (1830-1897), tragediya janrının banisi Nəcəf bəy Vəzirov (1854 – 1926), Ə.Haqverdiyev (1870 – 1933), Yusif Vəzir Çəmənzəminli (1887 – 1943), F.Köçərli (1863-1920), milli mübarizə tarixinin ideoloqlarından Əhməd bəy Ağaoğlu, Mehmandarovlar, Bədəlbəylilər, adlarını saymaqla bitməyən daha onlarla tanınmış şəxsiyyətləri Şuşa yetirmələridir.
Qafqazın konservatoriyası. XIX əsrdə Şuşa artıq mədəniyyət mərkəzi idi. Qaynar həyat yaşayan şəhər Qafqazın, Yaxın Şərqin və Orta Asiyanın müxtəlif guşələrindən gəlmiş şair, yazıçı və musiqiçilərin, teatr xadimlərinin toplaşdığı şer, sənət məkanına çevrilmişdi. Həmin vaxtlarda “Qafqazın konservatoriyası” kimi ad çıxaran şəhər, vokal məktəbi kimi sürətlə populyarlaşır. O dərəcədə ki, tədqiqatçılar İtaliya vokal məktəbi Avropa musiqi mədəniyyəti tarixində hansı mövqeyi tutursa, Şuşa vokal məktəbinin də Şərq musiqi mədəniyyəti tarixində eyni mövqeyi tutduğu qənaətində birləşirlər. İlk musiqi məktəbinin açılması XIX əsrin 70-ci illərinə təsadüf edir. O dövrdə şəhərdə 95 şair, 22 musiqişünas, 38 xanəndə, 12 nüsxəbənd, 19 xəttat, 16 nəqqaş, 18 memar, 5 astronom, 16 həkim, 42-yə qədər müəllim yaşayıb. Eyni dönəmdə Şuşa öz ədəbi məclisləri ilə diqqət mərkəzində olub.
“Şərq konserti”. 1901-ci ildə Şuşada, Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə ilk dəfə keçirilən bu konsert, sonrakı illərdə Bakıda da təşkil olunur. Bu ənənənin davamı olaraq 1980 – 1990 – cı illərdə Şuşanın mədəni həyatında “Mahnı bayramları”, Beynəlxalq “Xarı Bülbül” folklor festivalları məhz Şuşanın məşhur Cıdır düzündə keçirilib. Yüzlərlə yüksək səs tembri olan xanəndə, müğənni və musiqiçilərin vətənidir.
Mən aşiqəm Qarabağ,
Qara salxım, qara bağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
Öz taleyini Qarabağsız təsəvvür edə bilməyən bir qarabağlının, daha doğrusu İran şahına ərə verilmiş Qarabağ xanının qızı Ağabəyim ağanın ah – naləsi ilə bağlı yaranıb tarixə çevrilmiş bu misralar, hər bir qarabağlının içində gizlətdiyi səsdir.