XOCALI

XOCALI
Coğrafi vəziyyət. Xocalı 940 kv. km əraziyə malik olan Xocalı, Xankəndindən 10 kilometr şimal-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının üzərində yerləşir.
Rayonun ərazisi əsasən dağlıqdır. Ən hündür yüksəkliyi Qızqala (2843 m) və Qırxqızdır (2830 m). Dağlıq ərazilər istisna olmaqla, iqlimi mülayim-istidir. Yüksək dağlıq əraziləri subalp və alp çəmənlərdir. Əsas çayları Badara və Qarqardır. Dağ-meşə və dağ-çəmən torpaqları mövcuddur. Ərazinin 40 %-ə qədəri fıstıq, cökə, ağcaqayın, qaraağac və s. ilə zəngindir.
Tarixi və mədəniyyəti. Xocalı Azərbaycanın tarixi və mədəniyyətinin bir hissəsini təşkil edir. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri - daş qutular, kurqanlar və nekropollar tapılmışdır. Həmçinin burada memarlıq abidələri - dairəvi qəbir (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır.
Xocalı rayonu ərazisindəki Əsgəran qalası, XVIII əsrdə Qarqar çayının sağ və sol sahillərində Qarabağ xanı Pənahəli xan tərəfindən tikilib. İki istehkamdan ibarət qala, çay daşından inşa olunmuşdur. Bu qalaya aid digər əlamətdar özəllik, 1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqlarının bu qalada aparılmasıdır, bu da qalanın tarixi əhəmiyyətini daha da artırmışdır.
Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Xocalı şəhərində toxuculuq fabriki, iki orta məktəb və iki natamam orta məktəb var idi.
İnzibati vahidləri. Qonşu rayonlar: Laçın, Kəlbəcər, Ağdam, Xocavənd və Şuşa. Rayonda bir şəhər, bir qəsəbə (Əsgəran), 50 kənd var.
Kəndləri: Almalı, Qarakötük, Ballıca, Xanyurdu, Mehdibəyli, Cəmilli, Çanaqçı, Sığnaq, Dağyurd, Daşbulaq, Badara, Xanyeri, Qayabaşı, Suncinka, Harov, Dağdağan, Xanabad, Ağgədik, Aşağı Qılıçbağ, Kosalar, Başkənd, Canhəsən, Təzəbinə, Qışlaq, Cavadlar, Yalobakənd, Qarabulaq, Dəmirçilər, Quşçubaba, Mədətkənd, Qızıloba, Aşağı Yemişcan, Xaçmaç, Yuxarı Yemişcan, Meşəli, Naxçıvanlı, Ağbulaq, Aranzəmin, Dəhrəz, Pircamal, Pirlər, Daşbaşı, Fərrux, Seyidbəyli, Ulubaba, Şuşakənd, Daşkənd, Muxtar, Sərdarkənd, Şəlvə.