FÜZULİ

FÜZULİ
Quruçay mədəniyyətinə ev sahibliyi edir. Saf hava, bol günəş, bərəkətli torpaqlar, duzlu – məzəli, təmiz ürəkli insanlar, türbələr, karvansaraylar, qəsr, qala və hasar izləri, məşhur Ərgünəş meşələri bura məxsus olub. Azıx mağarası da burada yerləşir.
Rayon mərkəzi, 58 kənd, 24 tarix – memarlıq, 20 dini abidə və ziyarətgahdən ibarət olub.
Arayış. Ölkənin cənub – qərbində, İİR ilə sərhəddə, Bakı – Naxçıvan dəmir və magistral yolları yaxınlığında, əlverişli iqtisadi – coğrafi mövqedə yerləşir. Araz çayı üzərində salınan körpü onu İranla birləşdirir. Qarabağ dağ silsiləsinin cənub – şərq ətəklərində, Araz çayına qədər maili düzənlik və alçaq dağlıq sahələrini əhatə edir. Dəniz səviyyəsindən 300 – 800 metr yüksəklikdədir. Köndələnçay, Quruçay, Qozluçay, Çərəkən ən iri çaylarıdır. 1930-cu ildə təşkil edilib.
Tarixi. Əsası 1827-ci ildə qoyulub. Qarabulaq adlanan yaşayış məntəqəsinin nəzdində təşkil edilmiş rayonun ilkin adı Qarabulaq olub. Sonralar Malakan, daha sonra isə çar polkovniki Karyaginin şərəfinə Qaryagin, sovet hakimiyyətinin ilk illərində inqlibaçı B.Sərdarovun şərəfinə Sərdarabad adlanan rayonun ən son 1959 – cu ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 400 illiyi münasibətilə adı dəyişdirilərək Füzuli qoyulub.
Azıx mağarası. Rayon mərkəzindən 14 km aralıda, Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşir. 1968 – ci ildə Azıx mağarasından yaşı 350 – 400 min il olan 19 yaşlı insanın alt çənə sümüyü tapılıb. Azıxantrop Avropanın ilk sakinləri xəritəsinə daxil edilib. Dünyada insan məskəninə görə üçüncü, Azərbaycanda ən qədim mağaradır. Mağarada daş keçidlərlə birləşmiş 6 salon var. Ən böyüyü 3-cü salondur. 1960 – cı illərdən aparılan araşdırmalar, Qarabağın Aralıq dənizi və Şərqi Afrika ilə birlikdə insanlığın ilk vətəni olduğunu söyləməyə əsas verir. Azıxda öyrənilmiş çay daşı alətlərinin hazırlanmasında fərqli cəhətlər də var ki, bu da Azıxda əldə edilmiş əmək alətlərini Quruçay mədəniyyəti adlandırmağa imkan verir. Son tədqiqatlara görə Quruçay mədəniyyətinin yaşı 1.5 milyon il hesab olunur.
Horadiz qəsəbəsi. Mərkəzdən 29 km cənub – şərqdə, düzənlikdə yerləşən Horadiz sonradan şəhər statusu aldı. Ərazidən bir neçə km aralıda eyniadlı kənd də mövcuddur. Toponimin düzgün izahı fars dilindəki “oura” (qala) və “dizə” (məskən, yurd) sözləri ilə izah edilir. Qala kənd mənasındadır.