ZƏNGİLAN

ZƏNGİLAN
Arayış. Bakıdan 380 km aralıdadır. 1930-cu ildə inzibati rayon kimi təşkil edilib. Ermənistan və İranla həmsərhəddir. Təşkil ediləndə ona Pirçivan şəhəri adı verilmək istənsə də təsdiq edilməyib. Orta və alçaq dağlıq sahə və dağətəyi düzənlikdə yerləşir. Ərazi Kiçik Qafqazın Bartaz (2270 m), Süsən (1304 m), Sığırt, Təlid, Topdağ və Ağbiz dağları ilə əhatələnib. Həkəri, Oxçuçay, Bəsitçay, Kinav çayları axır. Bakı – Culfa – Naxçıvan magistral dəmir – avtomobil yolları onun ərazisindən keçir, strateji əhəmiyyət kəsb edir. Çay vadiləri molibden, qızıl, qranit və digər yeraltı ehtiyatlarla da zəngindir.
Çinarlar. Avropada ən böyük və nadir çinar meşəliyi də Zəngilan rayonu ərazisində yerləşir. Burada, Araz çayı hövzəsində 117 ha sahədə 1974-cü ildə Bəstiçay dövlət qoruğu yaradılıb. Çay boyu Şərq çinarı meşəbəyi 12 km məsafədə uzanır. Ağacların yaşı 500 ilə çatır. Şərq çinarı “Qırmızı kitab”a daxil edilib.
Bəsitçay. Araz çayının qoludur. El arasında buna Balaçay da deyirlər. Toponim güman edilir ki, monqol mənşəli besut tayfasının adı ilə əlaqədardır. Orta Asiya və Cənubi Azərbaycanda eyniadlı kəndlər var.
Memarlıq abidələri. Ərazi ən qədim insan yaşayış məs-kənlərindəndir. Əsgülüm və Süsən dağlarındakı mağaralar burada ibtidai insan yaşayışından xəbər verir. Şərifan kəndində sərdabə (XIII əsr), Hacallı kəndində dairəvi bürc, Məmmədbəyli kəndindəki 8 guşəli türbə (1304-cü il), Yenikənddəki sərdabə (XVI əsr), Şükürataz dağı, Oyuq yüksəkliyi, Oxçuçay Piri, Şükürataz-Xənəzür piri və digərlərini misal gətirmək olar.
Zəngilan kəndi. Rayon mərkəzindən 4 km cənub – şərqdə, Oxçu çayı sahilinə, düzənlikdə yerləşir. Yaşayış məntəqəsi 1930-33-cu illərdə Zəngilan rayonunun inzibati mərkəzi olub. Yaşayış məntəqəsi kimi XIV əsrdən məlumdur. XIV əsrdə Zəngilan adına tarixi ədəbiyyatda rast gəlinir. Çox maraqlı coğrafi mənşəyi var.
Toponim. VII əsrə aid mənbədə Xudafərin körpüsü yaxınlığında adı çəkilən Zəngixan yaşayış məntəqəsinin indiki Zəngilan olması haqqında fikirlər də var. Toponimin “zənci” kəliməsindən törədiyini söyləyənlər də var. İrandakı kürd tayfalarından birinin zəngi adlandırıldığı da məlumdur. Toponim Qızılbaşların tərkibinə daxil olmuş Zəngənə tayfasının adı ilə bağlayanlar da var. Zəngənələrin Elxanilər tərəfindən Türkmənistandan İrana köçürülmələri və qədim türk tayfalarından olmaları haqqında məlumatlar kifayət qədərdir. Səfəvilərin zamanında zəngənələr çox geniş ərazilərdə yayılmışdılar. Toponimi zəngi etnonimi ilə əlaqələndirənlər də mövcuddur. Zəng – səng komponenti qədim fars dilində daşlı qaya kimi mənalandırılır. Tək daş, təpə kimi də izah edilir. Zəngilərin məskəni kimi işlədilir.
ƏTRAFLI MƏLUMAT. Azərbaycan Respublikasının cənub-qərbində, Bakı-Culfa-Naxçıvan magistral dəmir və şose yolları üzərində strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşir.
Rayonun ərazisi müxtəlif dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalmışdır. Rusiyanın işğalı zamanı 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibində idi.
XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılır. 1868-ci ildə Yelizavetpol quberniyası qurulur. Onun tərkibinə Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları daxil edilir. Yeni bölgüyə əsasən Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilir.
1925-ci ilin sənədlərində Zəngilan Cəbrayıl qəzası tərkibində göstərilir. Xəritədə Zəngilanın Genlik, Aladin, Dəlləkli qeyd olunur.
Son iki yüz ildə vahid sərhədə malik olmayan Zəngilan, 1930-cu ilin avqust ayının 8-də müstəqil rayon kimi formalaşır və dəqiq müəyyən olunmuş ərazisi olur. Ərazisi – 0,71 min km2, əhalisi 41,6 min (01.01.2020) nəfərdir.
1967-ci ildə Zəngilana şəhər statusu verildi. Zəngilan rayonunda bir şəhər, 5 qəsəbə (Ağ oyuq, Mincivan, Bartaz, Ağbənd, Həkəri) və 79 kənd olmuşdur. Kəndləri bunlardır: Beşdəli, Genlik, Keçikli, Malatkeşin, Sarıqışlaq, Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Birinci Alıbəyli, Xumarlı, İkinci Alıbəyli, Sarıl, Bartaz, Qarqulu, Tatar, Tiri, Şəfibəyli, Məşədi İsmayıllı, Şərikan, Bürünlü, Yuxarı Yeməzli, Rəbənd, Yenikənd, Zəngilankənd, Cahangirbəyli, Turabad, Vəliqulubəyli Canbar, Ağkənd, Dərəli, Günqışlaq, Qazançı, Pirveys, Yuxarı Çöpdərə, Baharlı, Dəlləkli, Sobu, Böyük Gilətağ, Aladin, Dərə Gilətağ, Mirzəhəsənli, Üdgün, Şamlı, Vənədli, Hacallı, Seyidlər, Vejnəli, Ağbənd, Əmirxanlı, Qıraq Müşlan, Məlikli, Muğanlı, Xurama, Muğanlı, Şərifan, İsgəndərbəyli, Ağakişilər, Ağbis, Məmmədbəyli, Babaylı, Ördəkli, Qaradərə, Qaragöz, Rəzdərə, Kolluqışlaq, Şatarız, Şayıflı, Aşağı Gəyəli, Qaragöl, İçəri Müşlan, Tağlı, Yusiflər, Aşağı Yeməzli, Orta Yeməzli, Quyudərə Xəştab, Sarılı Xəştab, Zərnəli, Havalı, Nəcəflər.
Zəngilan rayonu coğrafi mövqeyinə, torpaq və iqlim xüsusiyyətinə görə füsunkar gözəlliyə, zəngin təbiətə malikdir. Rayonun ərazisi orta və alçaq dağlıq sahədə yerləşərək mürəkkəb və dərəli-təpəli səth quruluşuna malikdir. Şimal-qərbdən əraziyə daxil olan Bərgüşad silsiləsi (Süsən dağı, 1304 m) alçalaraq Bazarçayla Oxçuçay arasında Ağ Oyuq maili düzünü (hündürlüyü 400-600 m) əmələ gətirir. Şimal-şərqdə Qarabağ silsiləsinin Araz və Həkəri çaylarına tərəf alçalan yamacları təpəli Gəyən (Geyan) çölünə keçir. Qərbdə Mehri (Mehri-Güney) silsiləsinin şərq kənarı Bartaz dağı (2270 m) yerləşir.
Əsrin əvvəllərində rayon mərkəzinin yerləşdiyi ərazi əsasən bəylərin çəltik zəmilərindən və onların özlərinə məxsus yaşayış evlərindən ibarət idi. Zəngilan şəhəri 4 kilometrlik bir məsafədə Oxçu çayın sağ sahilində, Çeşməgözlü deyilən bir yerdən cənuba doğru əhəng quyularına qədər bir ərazidə salınmışdı. Bu şəhərin özünün bir çox məhəllələri vardır. Çeşməgözlü, Köhnə Pirçivan, MTS məhəlləsi, Məscid düzü, şaftalı dərəsi, Kirdəzir dərəsi, Bağırsaq dərə, Muncuqlu dərə, Rayşelk (ipək idarəsi olan yer) və s. məhəllələri vardır.
Rayonun bir tarixi qurum kimi iqtisadi inkişafı sovet hakimiyyəti illərində geniş vüsət almışdır. Eyni zamanda məhz bu dövrdə rayona daha çox mənəvi zərbə vurulmuşdur.
Rayon əsasən tütünçülük və üzümçülüklə məşğul idi. Heyvandarlıq, ipəkçilik, taxılçılıq da inkişaf etmişdir.
Zəngilan rayonundan 13 nəfər sovet imperiyasının ən yüksək dövlət mükafatına – Sosialist Əməyi qəhrəmanı adına layiq görülmüşdü. Bu hadisə bütün dünyaya səs salmışdı. Buna görə bölgə “Qızıl Zəngilan” adı ilə tarixə düşmüşdü.
Rayonun ərazisindən Bakı-Yerevan dəmir yolu (Mincivandan Qafana yol ayrılır), İmişli-Laçın və Bakı-Şərur magistral şose yolları keçirdi. Zəngilan rayonu ilə Bakı arasında olan məsafə 385 km-dir.
Rayon mərkəzində yerləşən Muzeydə yüzlərlə eksponat var idi. Onlar xalqımızın uzaq keçmişindən bu günümüzə qədər olan həyat tərzini, məişət və mədəniyyətini əks etdirirdi.
20 oktyabr 2020–ci ildə Zəngilan rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur. Zəngəzur Azərbaycandır!