HADRUT

HADRUT
Coğrafiyası və toponimikası. Hadrut Qozluçayın dərəsində, Ərgünəş dağının yaxınlığında yerləşir. Oykonim İran dillərindəki ha "ara", dü "iki" və rud "çay" komponentlərindən düzəlib, "iki çayın arası" mənasındadır. Quzeyçay və Güneyçay Hadrutun ərazisində birləşib Qozluçayı təşkil edir.
Tarixi. Hadrut 1903-cü ilin Cəbrayıl qəzası xəritəsində təsvir olunub. Qəsəbənin dəqiq salınma vaxtı məlum deyil. Burada həm qədim, həm də erkən xristian və orta əsr dövrünə aid abidilərə rast gəlinir. Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Hadrud kəndi olaraq keçir.
Çar dövründə Hadrut kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının tərkibində idi. Bura 1847-ci ildən Poltava atlı kazak alayının qərargahı idi. 1872-ci ildə Moskvada keçirilmiş Politexnik sərgisində iki Hadrut sakini — Moses Dülgəryants və Əhməd Daşdəmiroğlu — təqdim etdiyi xalçalara görə gümüş mükafata layiq görülmüşlər. 1877-ci ildən burada Zurabov, Muradov və şəriklərinə məxsus baramaaçma karxanası fəaliyyət göstərirdi. Bəstəkar Üzeyir Hacıbəyov gənc yaşlarında Hadrutda müəllimlik etmişdir.
Davidbekovun məlumatına görə, Hadrutda yerli əhali nisbətən az idi: sakinlərin əksəriyyəti vaxtilə şah ordusunun hücumlarından qurtulub buraya pənah gətirən köçkünlərdən ibarət idi. 1863-cü ildə burada 438 nəfər adam yaşayırdı, 1886-ci ildə onların sayı 1835 nəfərə qədər artmışdı. Əhali bağçılıq, bostançılıq, taxılçılıq, maldarlıq, ticarət və sənətlə məşğul idi. Hadrutda o dövrdə iki bazar, kilsə, ikiillik məktəb, birillik prixod məktəbi, zemstvo əczaxanası və teleqraf stansiyası fəaliyyət göstərirdi.
1923-cü ildə Hadrut kəndi Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə verilmişdir, 1930-cu ildə isə yeni yaradılmış Dizaq rayonunun inzibati mərkəzi seçilmişdir. 1939-cu ildə həmin rayon öz mərkəzinin adına uyğun olaraq Hadrut rayonu adlandırılmışdır. 1963-cü ildə Hadruta şəhər tipli qəsəbə statusu verilmişdir. 1979-cu ildə burada 2173 insan yaşayırdı. Qəsəbədə üzüm emalı zavodu, xalça sexi, musiqi və ümumtəhsil məktəbləri, mədəniyyət evi, mərkəzi kitabxana və rayon xəstəxanası yerləşirdi.
1930-cu ildə burada vəba epidemiyası baş vermişdir, onun qarşısını almaq üçün Bakıdan Lev Zilber başçılıq etdiyi həkimlər briqadası göndərilmişdir.
1992-ci ildə Hadrut rayonu ləğv olunub Xocavənd rayonunun tərkibinə daxil edilmışdir.
Bugün burada Xocavənd rayonu baş polis idarəsinin qərargahı, daha sonra isə Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi yerləşdirilmişdir.
1 fevral 2021-ci ildə etibarən Hadrutda Füzuli poçt filialının müştəri xidmətləri şöbəsinin agentliyi fəaliyyətə başlamışdır. 15 martda qəsəbəni ziyarət etmiş Azərbaycan Respublikasının prezidenti İlham Əliyev uzunluğu 43 km olan Hadrut—Cəbrayıl—Şükürbəyli və uzunluğu 13 km olan Füzuli—Hadrut iki avtomobil yolunun təməlini qoymuşdur.