TƏRTƏR

TƏRTƏR
Qədim adı Çaparxana olan rayon, Sovet dövründə Mirbəşir adlanırdı. Kəlbəcər İsti suyuna aparan yol buradan keçir. Keçən əsrin 60 – cı illərinədək rayonda müalicəvi əhəmiyyətli istisu çıxırdı. Bu su ilə revmatik, mədə – bağırsaq, dəri – zöhrəvi xəstəliklərinin müalicəsində istifadə olunurdu. Suyun mənbəyinin yenidən qazılaraq yer səthinə çıxarılması, turizm sektorunun inkişafı üçün yaxşı təkan ola bilər.
Arayış. Bakı – Tərtər arası məsafə 337 km-dir. Kür – Araz ovalığının qərbində, Qarabağ düzündə, Tərtər çayının aşağı hissəsində yerləşən rayonun şimal hissəsindən İncə çayı, içərisindən Xaçın çayı axır. Səthi düzənlikdir. Mülayim, isti yarımsəhra və səhra iqliminin hakim olduğu ərazisi şabalıdlı, boz və çəmən boz torpaqlardan ibarətdir. Tərtərçayın sağ və sol sahillərindən qədim karvan yolları keçib.
Bərdədən 17 km aralıda yerləşən rayonda, vaxtilə qala və karvansaraylar olub.
İnzibati dəyişiklik. 1920 – ci ilin aprel ayında Cavanşir qəzası və onun tərkibində Tərtər sahəsi quruldu ki, bu da sonralar Ağdam və Qarabağ qəzalarının tabeliyində olub. 1930 – cu ildə inzibati rayon olaraq təşkil edilib. 1949 – cu ildə inqilabçı kommunist Mirbəşir Qasımovun şərəfinə adı dəyişdirilərək Mirbəşir qoyulub. 1963-cü ildə ləğv edilib ərazisi Bərdə rayonuna verilsə də, 1965-ci ildə yenidən müstəqil rayon kimi bərpa olunub.
Tarixi abidələri. 24 tarix – memarlıq və mədəniyyət abidəsi mövcuddur. Onlardan 1-i dünya, 15 – i ölkə, qalanları yerli əhəmiyyətli abidələrdir.
Qapanlı. Tərtərin ən qaynar məntəqəsi isə Qapanlı kəndidir. Təmtəraqlı evlərə olan rəğbətlərilə seçilən bütün qarabağlılar kimi tərtərlilər də vaxtilə bir qayda olaraq ikimərtəbəli evlər tikiblər.
Tərtər haqqında bəzi tarixi faktlar və Tərtər sözünün mənası. Tərtər Qərblə Şərq arasında karvan yolunun üstündə yerləşdiyinə görə, bura ətraf məntəqlərdən sifariş və məktub göndərmək üçün çoxlu çaparlar gələrmiş. Məhz buna görə Tərtər keçmişdə Çaparxana adlanıb. Bəziləri isə rayonun keçmiş adının Çəpərxana olduğunu iddia edirlər. Bunu isə Tərtərin sıx meşələri, ağacdan çəkilmiş çəpərləri ilə bağlayırlar. IX-XIII əsrlərdə cənubi rus çöllərində və Şimalı Qafqazda yaşamış qıpçaq tayfalarından olan tərtərlilər, 1280-1323-cü illərdə Bolqarıstanda hökmdarlıq sülaləsinə başçılıq etmişlər. Tərtərlilərin bir qisminin erkən orta əsrlərdə Azərbaycana gəlmələri ehtimal olunur. Bəzi tədqiqatçılara görə Tərtərçay hidronomi tərtərlilərlə bağlıdır. Cənubi Uralda Tərtəroba adlı yaşayış məskəni olmuş və indi də qalmaqdadır. Bəs Tərtər sözünün mənası nədir? Rus mənbələrinə görə «Terter» oba adlanır, bu da «Tərtər» etnonimindən və oba sözündən götürülmüşdür. Türk şairi Mahmud Kaşkarlının «Divani-it-lüğət-türk» əsərində isə, Tərtər qumruya bənzər gözəl səslə oxuyan quş kimi verilib. Tərtərlilər tayfasının başqa bir hissəsi isə Səfəvi şahlarının dövründə yenidən Azərbaycana qayıtmışdır. Azərbaycan tarixində tərtərlilər bəzən qıpçaq adı ilə də göstərilir. Ancaq tərtərlilər bir türk tayfası olub qıpçaqlarla birləşmişlər. Onlar Tərtər çayının sahilində yaşamışlar. Ərdəbilli mənbələrdə Tərtər etnik adı «Sur-sur» kimi yazılmışdır. Tarixdə qeyd olunur ki, Nadir şahın əmiri Sərdar xan sur-sur tayfasını Dərbənddə oturtmuş və onların Azərbaycanda qalan bir hissəsi özlərinə ərəb ləhcəsilə «Sor-sor» yox, Tərtər demişlər.