GORANBOY

GORANBOY
1930-cu ildə yaradılan, 1938 – ci ildə Qasım İsmayılov adlandırılan rayonun tarixi adı 1992-ci ildə bərpa edilib. Bakıdan 327 km məsafədə, Kiçik Qafqazın şimal – şərq ətəklərində, Gəncə – Qazax düzənliyinin cənub – şərq kənarında yerləşir. Qazanbulaq – Naftalan düzənliyi rayonun böyük bir hissəsini əhatə edir. Mütləq yüksəkliyi 250 – 300 metrlə 700 – 850 metr arasında dəyişir. Rayonun cənubunu əhatə edən Murovdağ ərazisində çox sayda bulaqlar mövcuddur. Bölgədəki digər silsilə isə hündürlüyü 196 metr olan Bozdağdır. Eyniadlı dağa Abşeron, Ağdam, Şirvan, Şəki, Mingəçevir, Samuxda da rast gəlinir. Dağın adı boz sözü ilə bağlıdır. Qara rənglə ağ rəngin qarışığından əmələ gətirdiyi rəng kül rəngi mənasında işlənir. Süxurlarının rəngi boz – kül rəngli dağ anlamında da başa düşülür. Boz rənglərin hakim olduğu məkanda dünyanın yeganə müalicəvi neft yatağı olan Naftalan yerləşir. Beləliklə, Goranboy üzrə səyahət planı ortaya çıxdı. Əvvəlcə dünyaca məşhur Naftalan haqqında…
Naftalan kurortu. Bakıdan 338 km qərbdə, Gəncədən cənubda, Goran stansiyasından 18 km aralıda, dağətəyi düzənlikdə yerləşir. Cəmi 8 min əhalisi olan Naftalan gözdən uzaq sakit bir yerdir. 1926 – cı ildə xüsusi kurort zona elan edilib. 1928 – ci ildə Naftalanda ilk müalicəxana yaradılıb. Sovet vaxtı burada 6 böyük sanatoriya fəaliyyət göstərib. 1968 – ci ildə yaradılan qəsəbənin sakinləri buradakı sanatoriyaların hesabına dolanır. Qədimdən bəri Şərqdə tanınmış Naftalan nefti dünyada yeganə olan xüsusi müalicə neftinin mənbəyidir. Nizami Gəncəvi “Xəmsə”də bunun müalicə xassələrindən bəhs edib. 70-dən çox xəstəliyə dərman olan bu neft vannalara doldurulur. Xəstələr neft vannası qəbul edərək müalicə alırlar. Yanacaq kimi istifadə edilmir. Buna ağ neft də deyirlər. Etimologiya bu ərazidən çıxan neftlə əlaqədardır: neft alan deməkdir. Ərazi hələ o vaxtdan belə adlanır. Toponimi “müqəddəs çeşmədən şəfa tapmaq” kimi də yozurlar.
Tarixi. Ehtimallara görə hələ qədim zamanlarda burada çıxan neftin müalicə əhəmiyyətini bilən insanlar onu müxtəlif üsullarla tuluqlara doldurub müxtəlif yerlərə aparıb satıblar. Qəsəbədə aparılan arxeoloji qazıntılar zamanı ortaya çıxan 600 – 700 il əvvələ aid tapıntılar hələ o zamanlarda bu neftdən istifadə etmək üçün insanların buraya gəldiyini göstərir. XIII əsrin məşhur səyyahı Marko Polo Venetsiyadan Çinə gedəndə İran, Zaqafqaziya, Orta Asiyadan keçərkən yol qeydlərində Naftalan haqqında yazıb: “Gürcüstanla sərhəddə yağ mənbəyi var. O qədər çoxdur ki, yüzlərlə gəmini yükləmək olar. Yemək üçün yaramır. Onu yandırmaq və qotur dəvələrə sürtmək olar. Bundan nəinki heyvanın müalicəsində, bir çox ölkələrdən gələn xəstələr öz dərdlərinin müalicəsində istifadə edirlər.”
Azərbaycanda neft istehsalının sürətlə inkişafı dövründə, yəni XIX əsrin sonunda xarici ölkə işgüzarları Naftalan neftini dünyanın bir çox ölkəsinə daşımağa başlayırlar. Onun dünya miqyasında yayılması və şöhrətlənməsində alman qaz – mühəndis geoloqu E.İ. Yeqerin böyük rolu olub. 1890 – cı ildə ilk quyunu qazıb və onu emal etmək üçün kiçik zavod tikdirib. Məlhəmin hazırlanma texnologiyasını hər kəsdən gizli tutub. Tərkibini araşdırmaq üçün dəmir qutuda 800 qram Naftalan neftini Almaniyaya yollayıb. Orada bunu araşdıran 600 həkim neftin faydaları haqqında rəy yazıb. Naftalan neft yatağından çıxarılan müalicə nefti vanna qəbulu, habelə xəstə nahiyələrə sürtmək üçün işlədilir. Sümük, oynaq, sinir – əzələ, dəri, ginekoloji xəstəliklərə tutulanlar Naftalan müalicəsini qəbul edirlər. Amma ciddi xəstəliyi olanlar üçün bu vannalar böyük əks təsirə də səbəb ola bilərlər. Odur ki, tam dəqiq həkim müayinəsindən keçmədən Naftalan vannası qəbul etmək məsləhət görülmür.
Gülüstan kəndi. Naftalana qədər gəlmişkən oradan təxminən yarım saatlıq məsafədəki Gülüstan kəndinə getmək məsləhətdir. Naftalandakı boz rənglərin yerini Murovun təmiz dağ havası və mükəmməl mənzərəsi əvəz edir. Eyniadlı istirahət mərkəzi və ərazi, Murovdağın ətəyində, Ağcakənd qəsəbəsi yaxınlığındadır. Mütləq görməyə dəyər. Burada piknik etmək, trekinqlə məşğul olmaq imkanları var. Kəndin məşhur tarixi abidəsi Gülüstan qalasıdır.
Gülüstan qalası (XII – XIII əsrlər). Müdafiə istehkamıdır. Gülüstan kəndindən 2 km cənub – şərqdə, İncə çayın sahilində, dəniz səviyyəsindən 1700 metr, ətraf ərazidən 200 – 250 m hündürlükdə olan dağın üstündəki yaylada yerləşir. Qalanın ön istehkamı dağın yamacında, Narınqalası isə zirvədə inşa edilib. Bir ehtimala görə, qalanın e.ə. VII – VI yy, digər mənbədə XII əsrdə müdafiə məqsədilə inşa edildiyi, XV əsrdə isə Gülüstan məlikləri tərəfindən bərpa edildiyi göstərilib. Gülüstan qalasına yerli əhali Qız qalası da deyir. Bəziləri bu tip qalaların Oğuz tayfaları tərəfindən qurulduğunu və oğuz kəliməsinin də şəkil dəyişdirərək qız kimi tələffüz edildiyini iddia edirlər. Kəndin adı Azərbaycan tarixindəki çox önəmli bir hadisə ilə də bağlıdır.
Gülüstan müqaviləsi. Rusiya ilə İran arasında bağlanan anlaşma 1813-cü il oktyabrın 24-də indiki Goranboyun (Qarabağın) Gülüstan kəndində imzalanıb. Bu müqavilə 1804 – 1813-cü illərdə Rusiya ilə İran arasında gedən müharibəyə son qoydu. A.Bakıxanov “Gülüstani – İrəm” adlı əsərində yazırdı ki, eyni müqaviləyə görə, İran dövləti Talış, Gəncə, Qarabağ, Şirvan, Bakı, Quba, Dərbənd xanlıqılarını, bütün Dağıstanı, Gürcüstanı və ona həmhüdud ölkələri Rusiya dövlətinə tərk etdi…
Rusiyaya tabe olduqdan sonra bir çox tarixi hadisələr baş verdi. Sosialist inqilabından əvvəl bütün Rusiyada olduğu kimi Azərbaycanı da çar zülmünə qarşı kəndli hərəkatı bürümüşdü. O hərəkata damğasını vurmuş tarixi şəxsiyyətlərdən biri Goranboy sakini idi…
Qatır Məmməd. Və ya əsl adı ilə Məmmədov Məmməd Əli oğlu kəndli çıxışlarından birində bəyi öldürəndən sonra qaçaq düşür. Çar hakimiyyətinə qarşı apardığı mübarizəyə görə tutularaq Sibirə sürgün edilir. İrkutska gedərkən yolda qatardan qaçıb, Azərbaycana qayıdandan sonra mübarizəni davam etdirir, başına böyük dəstə toplayaraq meşələrə çəkilir. Tarixdə özünə qaçaqçılıq hərəkatı rəhbəri kimi yer tutan, çar müstəmləkəsinə qarşı inadla döyüşən Qatır Məmməd 1919-cu ildə mühasirəyə alınaraq öldürülür. Onun qəhrəmanlığından bəhs edən və dildən-dilə dolaşan 50-yə yaxın dastan hekayəsi var. Şərəfinə Goranboy və Gəncədə heykəl qoyulub.
Sovet hakimiyyətinin tənəzzül etməyə başladığı 1980-ci illərin sonunda etnik zəmində yaranan çaxnaşmalar zamanı qaynar nöqtələrdən biri də Goranboy idi. Coğrafi cəhətdən müharibə zonasında yerləşən rayonun Borsunlu, Tap Qaraqoyunlu kəndləri cəbhə xəttindədir. Bunlar ən çox hərbi əməliyyatlar keçirilən və atəşə məruz qalan yaşayış məntəqəsidir. Strateji cəhətdən əlverişli şəraitdə yerləşən Goranboy, Gəncə və Kürün sağ sahilində olan ərazilərə nəzarət üçün uyğun mövqeyə sahibdir. Bu səbəbdən Goranboydakı bəzi tarixi məkanları ziyarət etmək hələlik imkansızdır. Tarixi abidələrdən Abbastəpə yaşayış yeri(III – VIIIəsrlər), Borsunlu yeraltı hamamı (XIX əsr), Borsunlu məscidi (XVIII əsr), Borsunlu türbələri (XIII – XIV əsrlər), Qaşaltı kurqanları, Qızılhacılı məscidi (XVIII – XIX əsrlər), Goran staniyasından 2.5 km şimalda aşkar edilmiş Goran yaşayış yeri (e.ə. VI – VII əsrlər), III – XIII əsrlərə aid Goranboy (Gözətçilər) körpüləri və sair mövcuddur.
Toponim. Bəzi tədqiqatçılar Goranboy sözünü Starbonun 17 kitabdan ibarət “Coğrafiya” əsərində göstərilən müxtəlif dilli 26 tayfadan biri olan “gel-ger” tayfasının adı ilə bağlayır. Goranın (gelan) gel–ger tayfasının yaşadığı ərazi kimi işləndiyini söyləyirlər. Başqa mənbələrdə Goranboy sözünü “Kitabi – Dədə Qorqud”da işlədilən “gor” sözü ilə bağlayır, “çoxlu ölünün dəfn olunduğu yer – məzar yeri, insanın son məskəni” anlamında başa düşüldüyünü göstərirlər. Digər qrup alimlər isə “goran” sözünü türk – monqol dillərində işlənən “güryan” sözündən yarandığını, düşərgə, ordugah, müharibə edən tərəf, nahiyə mənasını verdiyini göstərirlər. XIV əsr tarixçisi Rəşidəddinə görə, səhrada 1000 ədəd alaçığın dairəvi şəkildə düzülməsi koran adlanıb, mərkəzində isə tayfa başçısının alaçığı yerləşib. Hər hansı tayfanın koran şəklində düzülməsi müdafiə məqsədi ilə olub. Və nəhayət, başqa bir mənbəyə görə “Goran” sözünü Qarabağın Kolanı tayfasının Goran qolunun adı ilə bağlayırlar.
Daha ətraflı məlumat. Goranboy rayonu ilk dəfə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 8 avqust 1930-cu il tarixli qərarı ilə sahəsi 1231 kv.km, əhalisi 36.853 nəfər olmaqla yaradılmışdır. Həmin qərarla isə Goranboyun tarixi torpaqları hesabına sahəsi 555 kv.km, əhalisi 12.578 nəfər olmaqla Aşağı Ağcakənd rayonu yaradılmışdır. 8 sentyabr 1938-ci il tarixli qərarla Goranboy rayonunun adı dəyişdirilərək Qasım İsmayılov, Aşağı Ağcakənd rayonu isə Şaumyan (kənd) rayonu adlandırılmışdır. Azərbaycan Respublikası Ali Sovetinin 12 fevral 1991-ci il tarixli qərarı ilə eyni ərazidə iki rayonun mövcudluğu lüzumsuz sayılmış, Şaumyan (kənd) rayonu ləğv edilərək qədim Goranboyun tarixi torpaqları vahid bir rayon halında birləşdirilmiş, sahəsi 1791 kv.km, əhalisi 91,5 min nəfər olan Goranboy rayonu yaradılmışdır.
Goranboy rayonu Kiçik Qafqazın şimal-şərq ətəklərində yerləşir. Səthi şimala doğru alçalan dağlıq və düzənlikdir. Rayonun cənub və cənub-qərb hissəsini Murovdağ silsiləsinin şimal yamacları, şimalını isə Mingəçevir su anbarının cənub sahili boyunca yerləşən Bozdağ silsiləsi əhatə edir.
Rayonun cənub-şərqində yüksəklik Murovdağın ən yüksək zirvəsi Gamış dağda 3724 m-dir.
Goranboy rayonu neft (Acıdərə neft yatağı, Qazanbulaq neft yatağı) əhəngdaşı, gil, barit, gips, tikinti daşı, yodlu yeraltı sular, dalanit və s. kimi faydalı qazıntılarla zəngindir.
Goranboy rayonunun iqlim tipləri – yüksək dağlıq tundra iqlimi, qışı quraq keçən soyuq iqlim, qışı quraq keçən mülayim-isti iqlim, qışı quraq və yayı isti keçən yarımsəhra və quru çöl iqlimi.
Rayon ərazisindən mənbəyini Kiçik Qafqazın şimal-şərq yamacından götürən, Kür çayı hövzəsinə aid olan Kürəkçay, Gorançay, İncəçay, Buzluqçay, Korçay, Qaraçay çayları axır.
Düzənlik, dağətəyi və dağlıq zonalardan ibarət olan rayonun torpaqları şabalıdı, dağ boz-qəhvəyi, çimli dağ-çəmən, qonur dağ-meşə, qəhvəyi dağ-meşə, açıq şabalıdıdır.
Rayon ərazisində canavar, tülkü, boz dovşan, çölsiçanı, yenot, ular, turac, bəzgək, dovdaq, ceyran, cüyür, daşlıq dələsi, çaqqal, gürzə vardır. 1961-ci ilin noyabrında rayon ərazisindəki nadir heyvan və quş növlərini (ceyran, kəklik, turac) qorumaq məqsədilə ümumi sahəsi 15.000 ha olan Korçay dövlət yasaqlığı yaradılmış, sonradan həmin yasaqlığın bazasında 2007-ci ildə Dövlət Qoruğu yaradılmışdır.
XIX əsrdən Goranboy əhalisinin əsas məşğuliyyəti bağçılıq, tərəvəzçilik, ipəkçilik, heyvandarlıq, arıçılıq olmuşdur. Hazırda əhalinin əsas məşğuliyyəti taxılçılıq, heyvandarlıq, tərəvəzçilik, bostançılıqdır.
Goranboy rayonunda hazırda 79 ümumtəhsil məktəbi vardır ki, bunlardan 58-i tam orta, 11-i ümumi orta, 10-u isə ibtidai məktəblərdir. 32 uşaq bağçası, 1 peşə məktəbi fəaliyyət göstərir.
Rayonda Heydər Əliyev Mərkəzi, 33 Mədəniyyət Mərkəzi, 32 klub, 64 kitabxana filialı, 2 Tarix-Diyarşünaslıq Muzeyi, Rəsm Qalereyası, 7 Uşaq Musiqi məktəbi fəaliyyət göstərir.
Hazırda 170 çarpayılıq köhnə və 142 çarpayılıq yeni Mərkəzi xəstəxana, 30 çarpayılıq Dəliməmmədli şəhər xəstəxanası, 15 çarpayılıq Xan Qərvənd kənd xəstəxanası, 20 həkim, 40 tibb məntəqəsi əhaliyə tibbi xidmət göstərir.
Araşdırmalarla və faktlarla sübut olunmuşdur ki, ölkəmizin digər ərazisi kimi Goranboy torpağı da türkdilli xalqların yaşadığı və mədəniyyətin təşəkkül tapdığı qədim ərazilərdəndir.
Goranboyun ərazisi qədim insanların yaşayışı üçün coğrafi cəhətcə əlverişli bir məkan olmuşdur. Bu torpaqlardan Avropa-Asiyanı birləşdirən qədim ticarət karvan yolları keçmiş, Xəzər və Qara dənizlərə asanlıqla çıxış əldə etməklə İran, Hindistan, Suriya, Çin, Misir, Assuriya, həmçinin Balkan ölkələri ilə iqtisadi, mədəni əlaqələrin qurulmasına səbəb olmuşdur.
Şətəl şəhər qalası (mənbələrdə Şütür qala) Goranboy tarixinin möhtəşəm bir hissəsi olmaqla Azərbaycan tarixçiliyində Goranboyun sütununu təşkil edən güclü faktorlardandır. III əsrdən XIII əsrə kimi Bərdə və Gəncə şəhərləri arasında alınmaz qala olmaqla, həm də Azərbaycan Atabəylər dövlətinin xəzinəsinin etibarlı saxlandığı bir yer olmuşdur.