// Social media share buttons Let's Travel

BLOQ



BALAKƏN




BALAKƏN

 

Rayon haqqında ən yaxşı təsəvvürə malik olanlar yerli sakinlərin özləri və onların qonaqlarıdır. Əslində isə müxtəlif etnos və dinlərin qovuşduğu, minilliklərin inanc və etiqadlarını özündə yaşadan, zəngin adət – ənənələrin mövcud olduğu bu məkana gələnlər getmək, görənlər də ayrılmaq istəmir. Qanıx çayın sahilindəki sıx meşələrə “toqay meşəsi”, çöl ərazilərə isə “tuqay çöl” deyirlər. Mənası sıx, keçilməz kiçik meşə deməkdir. Meşələr həm sıx olduğuna və həm də burada çoxlu bataqlıqlar olduğuna görə keçilməz idi. Rayonun 48 min ha meşə sahəsində 30 –dan çox dərman bitkisi yetişir.

ARAYIŞ. Bakı – Balakən arası məsafə 471 km-dir. Yevlax – Şəki – Tiflis şosse yolu Balakəndən keçir. Dəniz səviyyəsindən 300 metr yüksəklikdə, 923 kv.km ərazidə, 1930-cu ildə salınan rayon respublikanın şimal – qərb qurtaracağında son dayanacaqdır. Böyük Qafqazın cənub yamaclarında yerləşir. Ən hündür zirvə Qutondur (3648 metr). Dağlıq zona rayon ərazisinin təxminən yarısını əhatə edir. Yağıntılar bol olduğu üçün çay şəbəkəsi sıxdır. Ən iri çay sərhəd boyunca axan Qanıxdır.

İQLİM. Əraziyə dörd iqlim qurşağı hakimdir. Dağətəyi və düzənlik hissədə mülayim isti və yarım rütubətli (mülayim rütubətli) subtropikdir. Yüksək dağlıq yerlərdə iqlim soyuq və rütubətlidir. Ərazisinin 65%-İ subtropik olan Balakən, iqlim potensialına və subtropikliyinə görə Talış zonasından sonra II yeri tutur.

TƏNBUR. Burada Dədə Qorqudun ruhu yaşayır deyirlər. Səbəbini də Dədə Qorqudun tənburunun bugünədək Balakəndə qorunub saxlanması ilə izah edirlər. Tənbur türkdilli xalqlar arasında ən geniş yayılmış simli musiqi alətidir. Azərbaycanda orta əsrlərdə çox geniş yayılıb və Şirvan tənburu adı ilə məşhur olub. Armud şəklindədir. Səthi uzundur. Ona iki tək sim bağlanır. Qollarında pərdələri olur. 1556 – cı ildə Mirzə Əli tərəfindən çəkilmiş “Ozan-aşıq” miniatür rəsm əsərində bu alətin təsviri var. Sazın babası hesab edilir. Bu gün Qax, Zaqatala, Balakən zonasında, avar və ingiloy kəndlərində populyardır. İngiloyların tanburi adlandırdığı tənbur, avar sazı kimi də tanınır.

TOPONİM. Balakən – balaca kənd deməkdir. Yerlilərin ilkin versiyası budur. V yüzillikdən etibarən gürcü mənbələri, Albaniyanın Belakan adlı yaşayış məntəqəsi barədə məlumat verirlər. Bel – dağ, çevrə ruhu anlamını daşıyıb.

Balakən adı – balak, balik sözü ilə əlaqədardır. Bu sözlər inkişaf edərək və dəyişilərək Balakan formasını alıb ki, bu da şəhər anlamındadır. Eyni zamanda məskən, yurd, ev mənalarına da gəlir.

Başqa bir iddiaya görə Oğuz sərkərdəsi Beləkanın adını daşıyır. Balakənin Təpəçöl adlanan ərazisində 1990- cı illərdə aparılan arxeoloji qazıntılar antik müəlliflərin bu haqqda verdiyi məlumatları təsdiq edib. Təpəçöldəki kurqanda Oğuz sərkərdəsi Bələkanın qəbri aşkar edilib.

Balakən adının ilkin versiyası Qelakan olub. Qelakan isə Qilyandan gələn gel tayfaları ilə əlaqədardır. Toponimi bay və leq tayfalarının birləşməsindən əmələ gələn ad kimi yozaraq Balakən adını lak bəylərinin məkanı kimi də izah edirlər.

IX – XIII əsrlər ərəb mənbələrində bu yeri “Bab – filanşahlıq” adlandırıblar. Bab qapı, giriş mənasında, balaq kəliməsi məskən, şəhər, yer mənasında işlədilib.

Başqa mənbəyə görə bura yaşayış məntəqəsi kimi avarların dörd nəslinin məskənindən yaranıb. Amma toponim avar dili ilə izah olunmur. XVIII əsrin ortalarına aid bir gürcü mənbəyi “Balakən dərəsi” deyə bir yerdən bəhs edir.

İlk olaraq yunan coğrafiyaşünası və səyyahı Strabon, eranın əvvəllərində Qanıx çayı vasitəsilə qayıqla Albaniyanın şimal – qərb bölgəsinə gəlib və burada gördüklərindən, Albaniyanın zəngin torpaqlarından 17 cildlik “Coğrafiya” əsərində bəhs edib. Strabon bu bölgədə çoxlu qoz – fındıq bağlarına rast gəlindiyini, meşələrdə ətirli cökə ağaclarının gövdəsində arıların bol miqdarda bal yığdığını, isti yay günlərində isə balın əriyərək cökənin budaqlarına, yarpaqlarına və oradan da süzülərək yerə töküldüyünü yazırdı.

TARİX. Akademik Ziya Bünyadov eneolit dövründə mis metalını ilk emal etdiyi yerlərdən birinin Balakən olduğunu qeyd edib. Bu fakt burada məskunlaşma tarixinin 6 – 7 min ildən çox olduğundan xəbər verir. Hələ 1913 – cü ildə Almaniyanın Vogau firması buradakı geoloji kəşfiyyatından sonra, Londonda beynəlxalq konfransda “Əlvan metalların Balakən ehtiyyatları” barədə hesabat verib. I Dünya Müharibəsi bu işləri yarımçıq qoyub.

Albaniya V – VIII yüzilliklərdə həmişə şimaldan çox ciddi hücumlara məruz qalıb. Odur ki, Balakən – Zaqatala bölgəsi daxil bütün şimal sərhədləri boyunca bir sıra müdafiə tədbirlərinin görülməsi zərurəti meydana çıxıb. Ərəb müəlliflərinin verdiyi məlumata görə, Sasani padşahı I Qubad xəzərlərlə ilk müharibələrdən sonra, onların basqınlarının qarşısını almaqdan ötrü şəhərlər salıb, ətrafını qala divarları ilə möhkəmlədib. Ərəb müəllifi əl – Bələzurinin verdiyi məlumata görə, Dərbənd ilə Dəryal dərəsi arasında Böyük Qafqazın meşəli və dərəli dağlarında çoxlu keçid vardı. Başqa ərəb müəllifi İbn əl – Fəqih bu qalalardan danışarkən qeyd edir ki, Sasanilər 360 – a qədər qala tikdiriblər. Bunlardan 110 – u Dərbənd ətrafı, qalanları isə Qəbələ – Şəki – Balakən istiqamətində olub.

Böyük Qafqaz səddi (V – VII əsr).  Antik mənbələrdə Çin Səddindən sonra Böyük Qafqaz səddindən də yazıblar. Bəzi tarixi mənbələrdə “Kala Sur” (Böyük Sədd, Nəhəng Divar) adlandırılır. XIX yüzillikdən başlayaraq Katexdən Şəkiyə qədər uzanan bu divar Zaqatala səddi adlandırılır. Balakən – Zaqatala yolu boyunca, Katex, Masex, Göyəm, Tala kəndlərində qırıq – qırıq, yarımuçuq fraqmentləri qalıb. Çay daşından hörülüb. Divarların hündürlüyü 3 – 4 metr, qalınlığı isə 140 – 145 sm olub. Sədd Sasani hökmdarları Qubad (488 – 531) və Xosrov Ənuşirəvan (531 – 579) hakimiyyətləri illərində şimaldan gələn hərbi yürüşlərin qarşısını almaq məqsədilə tikdirilib. XIX yüzillikdə bölgəni işğal etdikdən sonra ruslar da bu Səddən müdafiə məqsədilə istifadə ediblər.

Car – Balakən üsyanları. Rus müstəmləkəsinə qarşı çevrilmiş ən hiddətli çıxışlar Car – Balakən zonasında baş verib. Böyük Qafqazın cənub ətəklərində o qədər də böyük olmayan ərazidə yerləşən, ilk baxışdan sərt mərkəzləşməmiş siyasi struktura malik olmuş Car – Balakən camaatları güclü hərbi – siyasi nüfuza malik olub. Qafqazdakı rus qoşunlarının Baş komandanı general Paskeviç çar I Nikolaya 1830 – cu il, 11 mart tarixli hesabatında yazırdı ki, istənilən vaxt 10 min nəfərə qədər atlı döyüşçü çıxara biləcək Car – Balakən camaatlarının razılığı olmadan nə İlisunun yeni sultanları, nə də Nuxanın yeni xanları hakimiyyətdə möhkəmlənə və ya bərqərar ola bilərdilər. Təsadüfi deyildi ki, bu camaatları axıradək “sakitləşdirmək” ruslara nəsib olmayıb. Car – Balakən camaatlarının Rusiya hökümətinə nifrəti, Paskeviçin özünün ifadəsincə heç vaxt azalmayıb.

1852 – 1853 – cü illərdə İmam Şamil naibləri ilə Balakənə gəlir. Katex yaxınlığında döyüşlərdən sonra geri qayıdır. Sonra camaatın xahişi ilə, 15 minlik qüvvə ilə yenidən buraya təşrif buyurur. Ruslar kiçik uğursuzluq nəticəsində bütün mövqelərini itirəcəklərindən qorxsalar da, İmam Şamil bir uğur əldə edə bilmir. Bir neçə döyüşdən sonra geri çəkilməyə məcbur olur.

Bundan faydalanmağa çalışan rus komandanlığı, Car – Balakəndə zorla xristianlaşdırma siyasətinə başlayır. Bölgə əhalisi arasında xristianlığı qəbul edənlərin cinayətlərinin bağışlanacağı barədə fərman versə də, bu tədbir müsbət nəticə vermir. XIX əsrdə çarizm xristianlaşdırma cəhdlərinə yerli müsəlmanlar üsyanla cavab verirlər. Balakənin mərkəzində xristian kilsəsinin bünövrəsinin qoyulması mərasimində, yüksək rus zabiti və keşiş öldürülür. Yerli əhalinin qəzəbindən qorxuya düşən çar məmurları, kilsənin tikintisini dayandırırlar.

Rus işğalı. Qafqazdakı rus qoşunlarının baş komandanı general P. D. Sisiyanov, Balakənin işğalı barədə Rusiyanın vitse-kansleri, qraf V. P. Koçubeyə yazırdı: “Bu zəbt xüsusi diqqətə layiqdir. Car-Balakən kampaniyası, yeni düşmənin hərbi qüvvəsinin və yerli əhaliyə qarşı olan qəddarlığın nümunəsi kimi bütün Qafqaza o cümlədən Azərbaycan xanlıqlarına dərs olmalıdır.”

1804-cü ildə, Balakən yaxınlığındakı döyüşdə rus qoşunları darmadağın edilir və rus generalı Vasili Semyonoviç öldürülür. Bu zaman general-mayor Qulyakov böyük bir qüvvə ilə yerli əhalini cəzalandırmaq məqsədilə Balakənə yürüş edir. Qəsbkarlara qarşı qəhrəmancasına vuruşan yerli əhali rus qoşunlarını məğlubiyyətə uğradır, general Qulyakov isə döyüşdə öldürülür. Bu döyüşlər zamanı ruslar müdafiə məqsədilə bəzi istehkamlar tikdirirlər. Onlardan bəziləri hələ də durur.

BALAKƏNDƏ TARİXİ ABİDƏLƏR. Balakəndə qeydə alınmış 25 tarixi – memarlıq abidəsi mövcuddur.

Qala divarları (XIX əsr). Mahamalar kəndində, Balakən çayının sol sahilində, şəxsi həyətlərin birində, fındıq bağının içində yerləşir. Bir – birinə bitişik 5 yarımdairədən ibarət qaladan - həbsxana, ərzaq, silah və döyüş atları saxlamaq üçün istifadə ediblər. Çay daşından hörülən divarların hündürlüyü 1 – 4 metr arasında dəyişir.

Hacı Murtuz qalası (XIX əsr). Mahamalar kəndində, şəhər parkına yaxın bir yerdə Hacı Murtuz qalası var. Çar ordusunda xidmət etmiş və sonradan Şeyx Şamilə qoşulmuş Hacı Murtuz rus işğalına qarşı ən güclü müqavimətçilərin başında durur. 1863 – cü ildə baş vermiş və tarixə Hacı Murtuz üsyanı adı ilə keçmiş üsyanın rəhbəri olub. Üsyanı çar ordusu qüvvələri amansızlıqla yatırır, onu isə Sibirə sürgün edirlər. Sürgündən sonra Özbəkistana yerləşən Hacı Murtuz bir daha Balakənə qayıtmır və həyatının sonunadək orada yaşayır. Onun adını daşıyan qala iki mərtəbəlidir. Divarların ümumi hündürlüyü 7 metrdir. İndi bu tarixi qalada bir ailə yaşayır.

Minarəli məscid (XVIII əsr). Mərkəzdə yerləşən tək tarixi abidəyə, Came məscidi də deyirlər. Minarəsinin uzunluğu 45 metrdir. Quruluşuna və ornamentlərinə görə, Azərbaycanda İslam memarlığının nadir nümunələrindən hesab edilir. Bişmiş qırmızı kərpicdən tikilən minarə, əsas binadan ayrıdır.

Mazımçay məbədi (V – VI əsr). Mazımçay kəndində, dağın ətəyində, meşədə tikilmiş məbəd, Qafqaz Albaniyasının erkən xristianlıq dövrünə aid abidələrdəndir. Çox ciddi, siyasi, tarixi, strateji əhəmiyyətli, sərhədə yaxın ərazidə yerləşən bu tarixi abidə tam araşdırılmayıb. Bir hücrəli ibadət zalından ibarətdir. 3 giriş qapısı var. Gürcülər məbədə Tamara qalası deyirlər. Guya kraliça təhlükə zamanında sığınacaq kimi buradan istifadə edib. Gizləndiyi vaxtlarda da ətraf kənd camaatı kraliçaya ərzaq daşıyıb. Hətta qalaya çəkilmiş saxsı borular vasitəsilə süd yollayıblar.

Məbəd V-VI əsrlərdə inşa edilsə də IX – XI əsrlərdə bir neçə dəfə təmir edilib. Üzərindəki portal yaxın tarixdə müəmmalı şəkildə yox olub. Mazımçay Azərbaycanda yeganə yerdir ki, eyni anda 2 dövlətin – Gürcüstan və Dağıstan MR sərhədində yerləşir.

Tülü kəndi. İman bulağı adlanan mineral su quyusundan təbii qazlı su çıxır. Su quyusunun olduğu yer buranın ən populyar məkanıdır. Kənddə XIV əsrə aid türbə mövcuddur.

Nur kilsə. Şəxsi həyətlərdən birinin ərazisində yerləşən bu Alban məbədinin yarısı dağılıb. Gürcüstana gedən, Baş Qafqazın ətəklərindən keçən Hunbul çayı boyunca uzanan qədim Hun yolunun üstündə tikilib. Qalan qalıqların yanında su quyuları diqqəti çəkir. Vaxtilə buralara xüsusi saxsı borular vasitəsilə su kanalı, dağ ətəklərindəki mənbələrdən çəkilib.

ƏHALİ. E.ə. 65-ci ildə Qanıx – Alazan vadisində baş tutan Roma qoşunları ilə döyüşdə, şəxsən iştirak edən Plutarx yazırdı ki, bu yerin insanları sakit təbiətli, məğrur və döyüşlərdə cəsarətlidirlər. Balakən bölgəsi etnik müxtəlifliyi ilə fərqlənən ərazidir. Dağıstan və Gürcüstanla həmsərhəd olması onun etnik tərkibinə təsir göstərib. Bu xalqların tarixən bir – birilə təması, bölgə əhalisinin ümumi dildə danışdığı Azərbaycan dilinin bu bölgəyə xas şivəsinin yaranmsına səbəb olub.

Avarlar. Ən qədim türk tayfalarından hesab olunurlar. Türklərə aid antik yazılı mənbələrdə aparapurım, Çin mənbələrində a-ba(abarlar), rus salnamələrində obr adlanırlar. Asiyadan hərəkət edərək VI əsrdə Mərkəzi Avropada, indiki Macarıstan ərazisində 558 – 803 –cü illərdə Avar xanlığını yaradıblar. Xanlığın süqutundan sonra Qara dənizin qərb sahilində və Dunayboyu xalqlarla qaynayıb qarışıblar. Avarlar VI əsrdə Şimali Qafqazda yaşamış və 578- ci ildə savirləri məğlub etdikdən sonra, Zaqafqaziyaya da gəlmiş türk tayfalarıdır. Avarlar Asiyadan hunlarla birlikdə hərəkət edərək Şimali Qafqaza gəliblər.

KATEX KƏNDİ. Gözəl mənzərəli, əsl kurort kəndidir. Zaqatala qoruğuna giriş də kəndin ərazisindədir.

Katex şəlaləsi. Qoruqda gəzintinin ləzzəti ayrıdır. Burada görülən hər şey çox yüksək təəssürat oyadır. Qoruğa girmişkən şəlaləni görmədən ayrılmaq olmaz. Şəlalənin yanına getmək üçün xeyli məsafə qət etdikdən sonra, aşağıya enmək, hətta ona tam yaxınlaşmaq üçün xüsusi olaraq oradan asılmış qalın dəmir trosdan istifadə etmək lazımdır. Bu da o deməkdir ki, Katex şəlaləsini görmək üçün bir xeyli fiziki güc sərf etmək lazımdır. Yollar təhlükəli olsa da, bu ekstrimi yaşamağa dəyər. Möhtəşəm dağ – meşə mənzərəsinə bir də şəlalə görüntüsü əlavə olununca, buradakı gözəlliyi ifadə etməyə söz çətin tapılır. Elə də yüksək şəlalə deyil. Aşağıda əmələ gətirdiyi böyük su vannası və kanyon, burada body – raftinglə məşğul olmağa ideal şərait meydana gətirir.

Tarixi abidələrlə zəngin kənddə, XIV əsrə aid məscid, iki qədim Alban kilsəsi, Katex məbədi (V əsr), 1912 –ci ildə inşa edilmiş məscid var. Qalaları ilə məşhur Katexdə dördbucaqlı formada 4 orta əsrlər qalası mövcuddur. Bunlar çay daşı və kərpiclə hörülüb, 4 mərtəbəlidir. Üst mərtəbələrə qalxdıqca, tədricən qalalar daralır. Yuxarıya çıxmaq üçün yalnız asma pilləkənlərdən istifadə edilir. Bu qalaların demək olar hamısı şəxsi evlərin həyətlərində yerləşir.

18-ci yüzillikdə Katex bir çox ictimai – siyasi prosseslərin, üsyan və etirazların baş verdiyi, əhalinin çox yaşadığı məntəqə olub. Burada, məhz bu dövrlərə aid çox sayda qəbiristanlıqlar var. 18-ci yüzilliyin, 30 – cu illərində Nadir şaha və Qafqazın hakimi təyin olunmuş qardaşı İbrahim xana qarşı bu bölgədə çox ciddi müqavimət göstərilib. Çar Rusiyasının işğalı dönəmində, Balakən ərazisi ruslar tərəfindən tamamilə yandırılıb. Zülmdən qaçan camaat, Katex kəndinə yerləşib və burada müdafiə olunublar. 19-cu əsrdə isə burada rus işğalına qarşı aparılan mübarizədə əsas ideoloji silah – islam dini, Qafqaz xalqlarının dini birliyi olub. 1830 – 1863-cü illər üsyanlarında, Katex çox ciddi bir üsyan mərkəzinə çevrilib. Elə bu dövrdə, Katex Nəqşbəndi təriqət liderlərinin yetişdiyi və böyük nüfuz sahibi olduğu yerə çevrilmişdi. Rus işğalına qarşı ən ciddi mübarizə aparan da, bu işə liderlik edənlər də bu şəxslər idi.

MAHAMALAR KƏNDİ. Balakənin ən böyük, adət – ənənəsini qorumuş qədim kəndlərindəndir. Tarixi abidələrlə zəngin ərazidə, V – VIII əsrlərə aid yaşayış yeri xarabaları, b.e. əvvəl II – I əsrlərə aid edilən küp qəbirlər nekropolu, XIX əsrə aid qala və XVIII əsrə aid məscid möcvuddur.

ÇOBAN RƏQSİ. Avar kəndlərində ən geniş yayılmış milli oyundur. Temperamentli Qafqaz rəqsləri silsiləsindəndir. Sürüləri otlamağa çıxaran çobanlar bütün gün sıxılmamaq üçün, vaxt keçirməkdən ötrü oyun oynayırlar. Bu oyunlarda da digər bütün Qafqaz rəqslərində olduğu kimi çobanın çevikliyi, çomağı ilə tryukları sərgilənir. Bu kəndlərdə bir toy məclisinə rast gəlsəniz, mütləq yerlilərin necə mahir rəqqas olduqlarını izləyin. Məharətlərini sərgiləyərkən, gözlərinizi onlardan ayıra bilməyəcəksiniz.

ATLAR. Balakəndə atların çoxluğu diqqət çəkir. Demək olar hər həyətdə, hər evdə at saxlanır. Qadın – kişi, cavan – yaşlı hər kəsi at belində görmək olur. Kəndlərdə at arabası sürən xanımlar diqqəti çəkir. Avtomobildən daha sərfəli olduğunu deyən yerlilərdə, ata rəğbət böyükdür. Fayton, at arabası və şərəbanı kimi ata qoşulan minik vasitələrinin istehsalı ilə məşğul olurlar. Bunların içərisində ən diqqəti çəkən qoşqu aləti - şərəbanıdır.

ŞƏRƏBANI. İki nəfərlik, üstü açıq minik vasitəsidir. Bu, iki təkərin üstündə qurulmuş bəzəkli skamyadır. Skamya oturacağını qaldırdığın zaman içərisi geniş qutudur ki, buradan baqaj kimi istifadə edirlər. Şərəbanı ata qoşulur və onu parlaq rəngli boyalarla bəzəyirlər. Adətən gəlin gətirmə mərasimlərində istifadə edilir. Şərəbanı pikniklərin, gəzinti və romantik görüşlərin vazkeçilməz nəqliyyatıdır. Populyarlığı təəssüf ki, azalıb. Gözünüzə dəysə, mütləq sahibindən sizi gəzdirməsini xahiş edin.