// Social media share buttons Let's Travel

BLOQ



QƏBƏLƏ




QƏBƏLƏ

 

Qəbələ üçün şimal – qərb zonasının ürəyi deyilə bilər. Ölkənin ən mənzərəli, zəngin, turizm cənnəti rayonlarındandır. Bu gözəlliyə və təbiətə zərbə vuran Qəbələ RLS olmasa, burada hər şey mükəmməlin üstündədir demək olar. Çünki radiolokasiyadan çıxan şüalar həm təbiəti, həm də insan sağlamlığını ciddi şəkildə təhdid edir.

 

Arayış. Bakı – Qəbələ arasında məsafə 225 km-dir. Həftəran – Alazan vadisindəki düzənlikdə, Böyük Qafqaz sıra dağlarının arasında, Dəmiraparan çayın sağ sahilində, dəniz səviyyəsindən 900 metr yüksəklikdə yerləşir. Bir tərəfdən Lahıc dağlarına söykənən Qəbələ ölkənin şimal – qərbində, Şahdağın ətəklərində salınıb. Rayonun şimalındakı kəndlərin hamısı Şahdağ Milli Parkına daxildir. Böyük Qafqaz dağlarından axan Dəmiraparan çayı, Vəndam çayı, Bum çayı, Tikanlı çayı və digərləri vadini bol miqdarda su ilə təmin edərək Kürə qovuşur.

 

Vedrə bazarı. Rayonun girəcəyində yerləşən bazar camaat arasında bu adla tanınır. Burada hər cür mürəbbə, kompot, meyvə, ekoloji təmiz kənd məhsulları, müxtəlif marinadlar, bitkilər satılır. Satıcıların hamısı kənd sakinləridir. Satdıqları məhsullar da öz əl əməklərinin bəhrəsi, şəxsi istehsallarıdır. Bunu onların qabarmış əllərini görüncə anlamaq olur. Bu istiqanlı insanlarla söhbətləşərək alış – veriş etmək böyük zövqdür.

 

Təsərrüfat. Əlverişli təbii şəraiti hələ qədim zamanlarda burada təsərrüfat və mədəniyyətin inkişafına imkan yaradırdı. Dağətəyi hissələrdən uzanan geniş bağlar bol meyvə ağacları və üzümlüklər üçün, düzənliklər isə buğda əkini üçün yararlı idi. Strabonun Kür – Araz vadisi barədə verdiyi məlumatlar bu əraziyə aiddir: “Torpağa heç bir qayğı yoxdur, ancaq burada hər şey becərilmədən, öz – özünə əmələ gəlir…, bəzən burada bir dəfə əkilmiş torpaq iki və ya üç dəfə bar verir. Bütün düzənlik Babilistan və Misirdən yaxşı ən gur çaylar və başqa sularla elə suvarılır ki, hər zaman yaşıl görünüşünü saxlayır və bunun nəticəsində otlaq bolluğu yaranır: eyni zamanda burada hava oradan yaxşıdır.” O vaxtdan başlayan ənənə bu günə qədər davam edir. Meyvələri, qoz – fındıq və şabalıd bağları ilə ad çıxarıb.

 

Şabalıd. Ölkənin ən ləzzətli şabalıdı Qəbələdə yetişir. Dağ yamaclarında, dəniz səviyyəsindən 1000 metr yüksəklikdə məşhur şabalıd meşəsi yerləşir. Bu meşədəki ağaclar çox qədimdir. Hər birinin orta hesabla 500 yaşı olduğunu söyləyirlər. Bəziləri dövlət tərəfindən mühafizə edilən təbii abidələr siyahısına daxil edilib. Qəbələ şabalıdları ölçülərinə görə iri olur. Mövsümü gəlincə isə, yəni payız – qış aylarında yerli süfrələrin vazkeçilməz ləzzətinə çevrilir. Burada şabalıdı qovuraraq və ya suda pörtlədərək yemək adətdir. Həmin vaxtda Qəbələdə hansı evə ya da restorana getsəniz, soruşmadan şabalıd ikram edirlər. Bundan əlavə şabalıd süfrə yeməklərinin də əsas atributlarındandır. Ondan kələm dolması, ət bozartması, aşqara və məşhur döşəməli plovun içərisində bol – bol istifadə edirlər.

 

Qutqaşen. 1930 – 1991 – ci illər arasında rayon belə adlanıb. Mürəkkəb sözdür: qut + qaş + şen sözlərindən törəyib. Quti, quş və qas tayfaları ilə əlaqədardır. Quti tayfaları bu günə qədər rayonda yaşayan udilərdir. Quti və quş tayfaları şimali Azərbaycanda e.ə. II minillikdə yayılmasını nəzərə alaraq, Qutqaşen toponiminin 4000 yaşı olduğunu ehtimal edirlər. Başqa bir fərziyyəyə görə toponim qurd kəliməsindən törəyib. Qurd bütün türk dünyasında müqəddəs totemlərdən biridir. Qutqaşen sözünün kökünü türkcə qutlu(kutlu) yəni mübarək, xeyirli kəlimsi ilə də əlaqələndirirlər. Başqa deyişlə, Qutqaşen xoşbəxt yer kimi də izah edilir. Hazırda Qəbələdə eyniadlı məhəllə var.

 

Toponim XVIII əsrin ortalarından geniş yayılmağa başladı. O dönəmdə Azərbaycanda yaranan kiçik feodal dövlətlərindən biri Qutqaşen sultanlığı idi. Sonralar Qutqaşen mahalı kimi Şəki xanlığının tərkibinə daxil olur. Qəbələ hakimiyyətinin axırıncı sultanı İ.B.Qutqaşenlinin atası Naib Nəsrullah Sultani olub.

 

İsmayıl bəy Qutqaşınlı (1806 – 1869). Qutqaşen adının ən yaxşı daşıyıcılarından biri olan İsmayıl bəy rus ordusunun ilk müsəlman – türk generallarındandır. 30 il rus ordusunda xidmət edən İsmayıl bəy Qutqaşınlı 1850 – ci ildə general – mayor rütbəsinə layiq görülüb. İctimai – siyasi, eləcə də iqtisadi fəaliyyətlə məşğul olan general eyni zamanda Azərbaycan realist nəsrinin banisidir. Fransız dilində yazıb. Yazdığı ilk realist əsər “Rəşid bəy və Səadət xanım” hekayəsidir.

 

Çuxur Qəbələ kəndi, Qafqaz Albaniyası qalıqları - Qəbələ tarixi. Miladdan əvvəl IV əsrdən başlayaraq ölkənin iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynayan, eranın I əsrindən etibarən yazılı mənbələrdə adı çəkilən Qəbələ Albaniyanın ilk paytaxt şəhəri olub. Alban hökmdarlarının baş iqamətgahı burada yerləşib. Dünyanın Babil, Troya, Karfagen kimi böyük siyasi – iqtisadi strateji şəhərləri ilə eyni sırada olub. Eradan əvvəl 60 – cı illərdə Roma qoşunları Albaniyaya hücum etsələr də, Qəbələni işğal edə bilməyiblər. Sasanilər dövründə Qəbələ çox böyük ticarət və sənətkarlıq mərkəzi olub. Xilafət dövründə də şəhər ticarət və sənətkarlıq mərkəzi kimi əhəmiyyətini qoruyub saxlayıb. XIII əsrdə monqolların hücumu zamanı tənəzzülə uğrasa da, sonralar yenidən dirçəlib. XVIII əsrin ortalarında Qəbələ öz əvvəlki əzəmət və əhəmiyyətini itirməyə başlayınca, əhali də tədricən buradan köçüb.

 

Qədim Qəbələ. Qədim şəhərin böyük hissəsi torpağın altında qalıb. Yer üstünə çıxmış parçalar isə qalanın cənub darvazalarıdır. Təxminən 9 əsrə qədər Qafqaz Albaniyasına paytaxt olmuş qədim Qəbələ indiki rayon mərkəzindən 20 km şimal – şərqdə, indiki Çuxur Qəbələ kəndi yaxınlığında yerləşirdi. Antik şəhərin xarabaları mərkəzdən 15 km məsafədə Qaraçay və Covurluçay çaylarının arasındakı ərazidədir. 461 – ci ildə Sasani üsul idarəsindən sonra paytaxt Bərdəyə köçürülsə də, Qəbələ aktiv şəhər həyatını yaşamağa davam edib. Qədim Qəbələnin xatirəsi olan möhtəşəm Qala divarları da məhz həmin dönəmdə inşa edilib. Arxeoloji qazıntılardan əldə edilən materiallar e.ə. IV – III minilliklərindən XVIII əsrə qədər yaşamış qədim Qəbələnin Qafqazda ən iri və inkişaf etmiş, böyük inzibati, ticarət – sənət mərkəzlərindən biri olduğunu göstərir.

 

Qala divarları (V əsr). Azərbaycanın digər orta əsr şəhərlərindəki müdafiə sistemindən fərqlənir. Sasani dövrü arxitekturasına aiddir. Bəzi orta əsr müəllifləri şəhəri Sa-sani şahı I Qubadın tikdiyini yazsalar da, tədiqaqatçılar onun buralarda sadəcə bərpa işləri apardığı qənaətindədirlər. Saman qarışdırılmış çiy kərpic və yonulmuş çay daşından inşa edilib. Salamat qalan bürcün divarlarının diametri 3 metrdir. Uzunluğu 35 m, hündürlüyü 1 m, qalınlığı 2.4 metr olan qalanın müdafiə divarları bu günə qədər orijinal formasını saxlayıb. Qalanın əsas qapısı cənub tərəfdə olub. Cənub divarlarında sala-mat qalan 4 bürcün hamısı yarımdairəvi formadadır. Hündürlüyü 10 – 14 m, diametri 6 – 8 m, divarlarının qalınlığı 4 metrdir. Arxeoloji qazıntılar zamanı qala ərazisindən küp qəbirlər aşkar edilib.

 

Dəfinə. Qəbələ və onun ətrafından indiyədək bir neçə dəfə pul dəfinəsi tapılıb. Xeyli hissəsi 226 – 551 – ci illərə aid pullardır. 1964 – cü ildə qədim şəhər xarabalığından 2 – 3 km cənub – qərbdə taxıl əkmək üçün yer şumlanarkən Sasani şahı II Bəhramın (276 – 293) adına kəsilmiş gümüş draxmalar tapılıb. Bundan başqa dəfinələrdə Parfiya hökmdarı, Roma imperatorlarının adına olan sikkələr aşkar edilib ki, bunlar Albaniyanın İran və Roma imperiyası ilə ticarət əlaqələrində Qəbələnin fəal iştirakından xəbər verir.

 

Qəbələ Dövlət Tarix - Bədii Qoruğu. Mədəniyyət Qoruğu 1985 – ci ildə qurulub. 480 ha sahəni əhatə edən qoruq rayonun cənub – qərbində, mərkəzdən 25 – 30 km aralıda, Çuxur Qəbələ kəndi yaxınlığında yerləşir. 3 əsas hissədən – Çaqqallı, Səlbir, Qala hissələrindən ibarətdir. Antik şəhərin xarabalıqları burada qorunur.

 

Toponim. Toponim haqqında ilk yazılı məlumatı verən eramızın I əsrində yaşamış məşhur Roma alimi Böyük Pliniy “Təbii tarix” ensiklopedik əsərində Albaniyada əsas şəhərin Kabalaka olduğunu yazıb. İlkin orta əsr mənbələrində Kapalak, Kapaqa, Xuala və sair adlarla məlumdur. 2500 illik keçmişi olan, qədim İpək yolunun üstündə yerləşən Qəbələni yunan coğrafiyaşünası Klaudi Ptolomey (II əsr) Xabala, ərəb tarixçisi Bəlazuri (IX əsr) Xəzər adlandırıb. Ilk dəfə Azərbaycan alimi A.Bakıxanov (XIX əsr) “Gülüstani – İrəm” əsərində Kabala və ya Xabalanın Qəbələ olduğunu göstərib.

 

Albaniyada xristianlıq. Albaniya bir çox dini təriqətlərin – bütpərəstlik, zərdüştlük, xristianlıq və islamın mövcud olduğu dövlət olub. Xristianlıq təbliği burada b.e. I əsrindən başlasa da, dövlət kimi o, IV əsrin əvvəllərində elan olundu. İlk dəfə xristianlığı çar Urnayr yaydı. Alban tarixçisi M.Kalankatlıya görə, V – VIII əsrlərdə Albaniyada 12 yepiskopluq fəaliyyət göstərirdi. I əsrdən başlayaraq Qəbələ xristian dininin mərkəzi olsa da Sasani hökmdarları Zərdüşt dinini xüsusi səylə təbliğ edirdilər. Xristianlıq Albaniyada İyerusəlimdən göndərilmiş Apostol Yelisey tərəfindən təbliğ olunub və yayılıb. III – IV əsrlərdə Sasanilər dövründə xristianlıq sıxışdırılmağa başlanınca, xristian icmaları Şəki – Balakən ərazisində dağətəyi və dağlıq yerlərə sığınıblar. Odur ki, bu bölgədə V – IX əsrlərə aid çoxsaylı xristian məbədləri var. Bu baxımdan Azərbaycanın şimal – qərb bölgəsində, Şəkidəki Kiş kilsəsi və Qəbələ Nic kəndindəki kilsələr, Şərqdə, Qafqazda olan kilsələrin anası sayılır. Bunları görmək üçün Nic kəndinə baş çəkməyə dəyər.

 

Nic kəndi (40 km). Qəbələnin ən böyük kəndidir. Rayon mərkəzindən 40 km cənub-qərbdə yerləşir. Kənddə etnik qrup olan udilər yaşayır. Əhalinin sayı 4000 nəfərdir. Kənd ərazisi becərilmiş torpaq sahələrindən, geniş bağ – bağçalı, yaraşıqlı evlərdən, şəxsi həyətlərdən ibarətdir. 100 kv.kmlik sahəsi olan kənd bağçaları, meyvə və fındıq bağları ilə məşhurdur. Hətta zarafatla deyirlər ki, hər sezonda bağçanın barını, fındığı satıb maşın alırıq. Kənd “Cotaari”, “Ağ dəlləkli”, “Qoca bəyim” və s. məhəllələrdən ibarətdir. Vaxtilə hər məhəllənin öz kilsəsi var idi. Onlardan ikisi bu günə gəlib çıxıb.

 

Cotaari kilsəsi (XVII əsr). Niclilərin qürur mənbəyi olan bu kilsə son Alban mərkəzi xristian ibadətgahıdır. Burada məbədin yaşıdları hesab edilən dörd nəhəng çinar ağacı var. Niclilər danışırlar ki, kilsə ucaldıqdan sonra hər məhəllənin sakinləri məbədin ərazisində çinar ağacı əkib. İndiyədək həmin çinarlara yerli əhali əcdadlarından qalma müqəddəs xatirə kimi ehtiram edir. 19.05.2006 tarixində Cotaari məhəlləsindəki XVII əsr Alban kilsəsinin təntənəli açılışı oldu. Düz 170 il boyunca Allah evinə həsrət qalan niclilər yenidən məbədlərinə qovuşdular. Bunun da çox maraqlı tarixçəsi var.

 

Tarixi arayış: Vll əsrdə ərəblərin Azərbaycanı işğal etdikdən sonra əhalinin böyük hissəsinə, o cümlədən utilərə islam dinini qəbul etdirsələr də, bir hissəsi əvvəlki inamlarını saxladı. Qəbələ və Oğuz ərazisində udilər öz adət – ənənələrini və dillərini qoruya bildilər. 1836-cı ildə rus pravoslav kilsəsi və üsul – idarəsi alban katalikosunun taxtını və dəftərxanasını ləğv etdikdən sonra, xristian udilər erməni kilsəsinin tam təsiri altına düşdülər. Çarın Alban xristian kilsələrinin erməni kilsəsinə tabe olunması qərarına etiraz edən udilər bir daha kilsəyə getmədilər. Bütün xeyir – şər işlərini, dini ibadətlərini evlərində yerinə yetirməyə başladılar. Udilərin kilsəyə ayaq basmadıqlarını fürsət bilən ermənilər Alban tarixinə və dininə aid hər şeyi qriqoryanlaşdırmağa və beləliklə udiləri assimilə etməyə cəhd etsələr də, sərt təbiətli bu etnos milli kimliyini, dini, adət-ənənəsini və dilini əsla unutmadı.

 

Udilər. Udilərə aid ilk məlumat e.ə. V əsr yunan müəllifi Herodotun “Tarix” əsərində verilir. Uti, Utiq, Otena əsas vilayətlərdən biri idi. Kürün sağ sahilində, Qarabağ ərazisində – indiki Bərdə – İmişli bölgəsində yerləşirdi. Alban çarlığının yaranmasında mühüm rolu olan 26 alban tayfalarından biri olan utilər haqqında daha ətraflı məlumatı Vlll əsrdə yaşamış Moisey Kalankatlu “Alban tarixi” əsərində məlumat verir və özünü uti tayfalarına aid edir. Onun yazdığına görə, udilər oturaq həyat tərzi keçirərək, əkinçilik, sənətkarlıq, heyvandarlıqla məşğul olublar. Hələ XlX əsrdə əkinçilik, ipəkçilik, bağçılıq və bostançılıq udilərdə geniş yayılıb. Buğda, arpa, darı səpini ilə də məşğul olublar. Udilərin sifət quruluşu dairəvi, saçlarının rəngi açıq və ya şabalıdı olur. Uzunömürlü olurlar. Udilər qonaqpərvər və böyüyə hörmətcildirlər. Keçmişdə udilərə ailələrin böyük olması xarakterik idi. Əsasən yaxın qohumları ilə nigaha girirdilər. Lakin XlX əsrdən etibarən ailələr kiçilməyə başlayır. Milli geyimləri ümumi Qafqaz geyim növü kimi idi. Udi qadınları keçmişdə üzləri bağlı gəzər, kişilərlə birgə süfrə arxasında oturmaz, söhbətə qarışmaz, icazəsiz evdən bayıra çıxmazdılar. Erkən yaşlarında, oğlanlar 16, qızlar isə 13 yaşında evlənərdilər. Cümə günü şad gün sayılar, adətə görə həmin gün başlanılan iş xeyirlə davam edərdi. Udi folkloru çox rəngarəngdir. Müxtəlif oyunlar, əyləncələr, lirik və qəhrəmanlıq nəğmələri, rəqslər, əfsanə və rəvayətlər sırf məişət həyatı ilə bağlı olub. Keçmiş inanclarından, aya inam hələ də qalmaqdadır.

 

Udi dili. Onlara udin deyəndə əsəbləşirlər. Ən yaxşı halda xətirlərinə dəyir və qonağın qəlbini qırmamaq üçün mehribancasına səhvi düzəldirlər – udin yox udi – deyə. Öz aralarında ana dillərində danışırlar. Qafqaz dil ailəsinə aiddir. 54 illik filoloq Keçaari Qriqoriy (Jora) udi əlifbasını hazırlayıb.

 

Udi mətbəxi. Ən populyar mərasim yeməyi fırlamadır. Fırrama deyirlər. Hinduşka və ya çoşqanı təmizləyib şişə taxır və təndirdə fırladaraq bişirirlər. Təndirdə bişən udi çörəkləri çox dadlıdır. Bu çörəklər qalın lavaşı xatırladır və bişdikdən sonra da rəngi qızarmır. Ət sıyığı (düyü sıyığı və ət), “şıftılıq” (şabalıd və qozdan hazırlanmış souz) kimi yerli xörəklərdən başqa “Xərisə” yeməyini xüsusi qeyd etmək lazımdır. Buğda həll olunana qədər bişirilir, sonra kərə yağı ilə yağlanır və ətlə qarışdırılır. Xərisə əkinçilərin ənənəvi xörəyidir.

 

Tarixi abidələri. Azərbaycanın şimal – qərb regionu alban memarlıq abidələrinin qorunub saxlanılması baxımından zəngin ərazilərdən biri hesab olunur. Qəbələnin zəngin tarixini dövlət tərəfindən qorunan 90 – dan çox tarixi, etnoqrafik, maddi – mədəniyyət abidəsi sübut edir. Rayon mərkəzində İmam Baba türbəsi (XVIII əsr) və Cümə məscidi kimi orta əsr abidələri qalıb. Yerdə qalanları müxtəlif kəndlərdə yerləşir ki, bəzilərini gəzib görmək üçün oralara getməyə dəyər.

 

Cümə məscidi (1896). VIII əsrdən başlayaraq islam dini yayılmağa başlayır. Həmin tarixdən etibarən ərazidə məscidlər ucaldılır. Kamaltəpədə tikilmiş Cümə məscidi bunlardan biridir. 1921 – ci ilə qədər məscid kimi fəaliyyət göstərib. Sonra klub, məhkəmə, mədəniyyət evi və iclas zalı kimi istifadə edilib. 1985 – ci ildən tarix diyarşünaslıq muzeyi burada yerləşir.

 

Səkkizguşəli məscid (XVIII əsr). Çay daşı, bişmiş kərpiclə tikilib. Dam örtüyü qırmızı kirəmitlə işlənən bu məscid orijinal forması ilə diqqət çəkir. Sovetlər dövründə pendir zavodu kimi istifadə edilib. 1985 – ci ildən məscid kimi yenidən istifadəyə verilib.

 

Həzrə kəndi (4 km). Dəniz səviyyəsindən 900 metr yüksəklikdə yerləşir. Həzrə sözünün düzgün variantı həzər şəklindədir. Toponim Xəzər tayfaları ilə bağlıdır. Kənddəki qədim meşəlikdə XV – XVI əsrlərə aid məqbərələr qrupu – Həzrə türbələr kompleksi yerləşir. XIX əsrdə burada 7 məqbərə vardı. Bu günə 4 türbə gəlib çatıb. Burada dəfn edilmiş şəxslər böyük alimlər, filosoflar, həkimlər olublar: Şeyx Bədrəddin(1446), Şeyx Mənsur (XVI əsr), Şeyx Məhəmməd (XVII əsr). I Şeyx İbrahim Şirvanşahın (1382 – 1412) hakimiyyəti dövründə yaşamış Şeyx Mənsurun məqbərəsinin tağlı qapısının üzərində epiqrafik yazılar mövcuddur.

 

Bum kəndi. Məzəli adlı olan bu kənd, rayon mərkəzindən 7 km aralıda, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşir. Qədim məscid, Şıxməmməd evi, Govur qalası və yeraltı otaq kimi tarixi abidələrə sahib Bum kəndi folkloru ilə məşhurdur.

 

Zop – zopu. Yerli folklor qrupu belə adlanır. Zop – zopu nağara və zurna ifası ilə müşaiyət olunan çoban oyunudur. Ayaqlarında yun corab, başlarında çoban papağı, iki nəfərə dəvə kostyumu geydirib oynadır, beləcə əylənirlər. Ən məzəli məqamlardan biri budur ki, bir nəfər əyilir. Qalanları da şer deyərək onun üstündən atlayırlar. Atlarkən bir nəfər kimi, “Ənzəli” deyə bağırırlar.

 

Həmzəli kəndi. Bum yaxınlığında yerləşən bu kənd halvası ilə məşhurdur. Bu halvaya sadəcə Qəbələdə rast gəlmək olar. Yalnız Həmzəlli kəndində onu bişirməyi bacaran bir neçə usta var. Halvanın bişirmmə qaydasını, reseptini yadlara vermirlər. Bu halva Qəbələ çay süfrələrinin ən əsas atributu hesab edilir. Həmzəlli halvasının içərisinə qoz və yaxud küncüt əlavə edirlər. Su, şəkər tozu ilə halvanın şirəsi hazırlanır. Soyuduqdan sonra yumurtası əlavə edilir və qızmar odun üstündə tez – tez qarışdırılaraq bişirilir. Isti ikən qoz və ya küncüt əlavə edilir və qablaşdırılır. Soyuduqdan sonra sərtləşir. Qəndi əvəz edir.

 

Vəndam kəndi. Ölkənin ən böyük kəndlərindəndir. Mərkəzdən 11 km aralıda yerləşir. Yerlilər zarafatla deyirlər ki, məşhur Hollivud ulduzu Jan Klod Van Dam əslən Vəndamdandır. Kəndin ərazisi başdan – başa qədim qəbirsatnlıq içərisindədir. Vəndam da meyvə bağları ilə doludur. Bunların içərisində “Qızıləhmədi” adlanan alma bağları xüsusi yer tutur. Bu alma növü sadəcə İsmayıllı – Qəbələ zonasında yetişir. Kənddə xalça toxuma sexi fəaliyyət göstərir. Ağac üstündə oyma sənəti ilə məşğul olan Şahin ustadan bu qədim sənət nümunələrini suvenir kimi əldə etmək olar. Kəndin yuxarı başında, dağ ətəyində yerləşən Duyma istirahət zonasından at kiralayaraq mənzərəsinə doyum olmayan ətrafa səyahət etmək imkanı var.

 

7 gözəl şəlaləsi. Vəndamdan 6 km aralıda, əsas yoldan 3 km içəridə, Puskan məhəlləsinin üst tərəfindəki dağlarda yerləşir. 7 müxtəlif dağ təbəqəsindən şəlalə axması nəticəsində 7 mərtəbəli şəlalə əmələ gəlir. Ən altdakı 2 kiçik şəlaləni görmək mümkündür. Digərlərini seyr etmək üçün sərt yamacla yuxarı dırmaşmaq lazımdır ki, bu da təhlükəli və çətindir. Burada mövsümi restoran fəlaiyyət göstərir. Ərazidə içəriyə günəş şüaları demək olar düşmədiyindən həmişə qaranlıq və sərin olur. Bura Qəbələnin ən populyar turistik məkanlarından biridir.

 

Nohurgöl. Qəbələ mərkəzindəki başqa bir məşhur istirahət məkanıdır. Mənzərəsi gözəl, suyu şirin göldə qayıqla gəzinti təşkil edilir. Suyu çox soyuq və içi yosunla dolu olduğundan, üzmək məsləhət görülmür.

 

Xanların yeri. Qəbələnin ən məşhur istirahət zonası Dəmiraparan çayın sahilində, meşənin içərisində 15 ha sahədə salınıb. 1983 – cü ildən turizm sektorunda xidmət edən Xanlar və onun komandasının müştərilərlə xoş rəftarı və yüskək servisi, orijinal yerli mətbəxi hər kəsi özünə cəlb edir. Xanların yerinin bir xüsusiyyəti də odur ki, servis edilən hər şey ərazidə yetişdirilir. Meyvələr ağaclardan, tərəvəzlər dirriklərdən toplanır. Süni göllərdə balıq saxlayır, qışda müştərilərə təklif olunan ov heyvanlarını da şəxsən ovlayırlar. Marinadları da çalışanlar özləri hazırlayırlar. Bir sözlə, bura zavod kimi işləyir.Yumurtalı toyuq çığırtması, döymə kabab, ən önəmlisi isə bol şabalıdlı, səbzəli, toyuqlu döşəmə plov Qəbələ mətbəxinin ən ləziz təamlarıdır. Buranın diqqət çəkən başqa məqamı ortada iti sürətlə əllərində podnosla ora – bura qaçışan ofisiantlardır. Yeməklər soyumasın deyə qaçaraq servis edirlər. Müştəriləri yola salarkən mütləq arxasınca yaxşı yol diləyib su atırlar.

 

Durca kəndi. Qəbələnin kurort kəndlərindəndir. Qəbələ RLS əməkdaşlarının yay istirahət evi buradadır. Mənzərəsinə, havasına söz ola bilməz. Ətraf meşələr ov cənnəti hesab edilir. Kənd sakinləri də ağır qış şərtlərinə görə evlərindən artıq yay evi kimi istifadə edirlər. qışda buraya gəlməyin ləzzəti bir başqadır. Bir metrə yaxın yağan qar aprelə qədər yolları və damları örtür. Tam bir nağıla düşmüş kimi hiss edir insan. Kimsəsiz evlərin qapıları bütün yolçuların üzünə açıq olur.

 

Qəmərvan kəndi. Qəbələnin şimalındakı bu kənd mütləq görülməsi gərəkən, mükəmməl təbiəti olan yerdir. 2005 – cı ilə kimi buraya yol yox idi. Son illərdə ərazidə turzim infrastrukturu sahəsində işlər aparılmağa başlanıb. Mərkəzdən 14 km uzaqda, dəniz səviyyəsindən 1380 metr hündürlükdə yerləşən, bulaq, çay və şəlalələrlə zəngin olan Qəmərvan kəndinin bütün ərazisi Şahdağ Milli Parkına daxildir. Kəndin 600 metr şimalında İstisu termal su yatağı var. Yerin altından 39 dərəcə istiliyi olan müalicəvi əhəmiyyətli su çıxır. Burada bəsit istisu kooperativi fəaliyyət göstərir.

 

Çömçəli bulaq. Ərazidəki ən məşhur piknik məkanlarından biridir. Bulağın adı ilə bağlı maraqlı rəvayət danışırlar. Guya günlərin birində bir atlı kənddən keçirmiş. Çox susayıb. Bulağın yanından keçəndə susuz olsa da, tənbəliiyindən atdan enmək istəmədiyi üçün əlini ağaclardan birinə atıb ki, onun budağından çömçə kimi istifadə etsin. Bulağa da o vaxtdan çömçəli bulaq deyirlər.

 

Küsnət kəndi – Laza kəndi – Mıçıx şəlaləsi. Qəbələ üzrə daxili səyahət marşrutlarından biri bu istiqamətdə təşkil edilir. Mütləq görmək məsləhətdir.

 

Küsnət kəndi. Rayonun şimalında, dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşən kənd ərazisi vaxtilə İsmayıl bəy Qutqaşenlinin yaylağı olub. Əhalisi əsasən dulusçuluqla məşğuldur. Burada dulusçuların əl işlərindən satın almaq, çalışma proseslərini izləmək imkanı var. Məişətdə istifadə olunan gil qablar kütləvi şəkildə burada ayrı – ayrı ustalar tərəfindən hazırlanaraq ətraf rayonlara aparılır.

 

Laza kəndi. Mərkəzdən 10 km məsafədə, 1700 metr hündürlükdə salınıb. Eyniadlı kənddən 2 dənədir. Daha doğrusu bir kənd iki yerə bölünüb. Bir hissəsi Qusarda, digər zirvədə yerləşən hissəsi isə Qəbələ ərazisindədir. Dəmiraparan dərəsinin sağ yamacında, çay səviyyəsindən 100 – 120 metrə qədər yüksəkdə konusvari dağ üzərində məskən salan Laza sakinlərinin bəziləri yay aylarında Baş Qafqazın, Şahdağ, Tufandağ silsiləsinin 3000 metrlik yüksəkliklərdəki yaylaqlarda yaşayır. Qışda da kənddə az adam yaşayır. Qoyunçuluqla məşğul olduqları üçün adətən qışlağa köçürlər. Qışda gediş – gəliş çətinləşir. Amma ilin bütün fəsillərində buranın təbiəti möhtəşəm olur. Laza sakinlərinin ən yaxşı dostu – atlarıdır

 

Mıçıq şəlaləsi. Laza kəndindən şimalda, Dəmiraparan çayının sol yamacında, terras üzərində Mıçıq xarabalığı yerləşir. Keçmişdə bu kəndi uca bir qayalığın altında tikiblər. Qayalardan qopan daşlar kəndə xeyli ziyan vurub. Mıçığa gedib – gəlmək çox çətin olduğundan adamlar oranı tərk ediblər. Mıçıq xarabalığından şimal – şərqdə, dağın yamacında iri və gur şəlalə var. Lazadan 7 km məsafədədir. Atla 1.5 saatda getmək mümkündür. Maşın yolu yoxdur. Yalnız köhnə nəhəng sovet nəqliyyat texnikası işə yaraya bilər. Son 2 km məsafəni isə yalnız piyada getmək lazımdır. Atla hərəkət etmək nabələd üçün olduqca çətin və qorxuludur. Qorxu və yorğunluq öz yerini bəzən isterik gülüşlərə buraxır. Atın üzərində belə ən az piyada gedərkən sərf etdiyin enerjini xərcləyirsən. Beləliklə, bir şəlalə görünür. Sevinmək üçün hələ tezdir. Çünki bu, Bala şəlalədir. Nəhayət, 3 saatlıq yoldan sonra Mıçıx şəlaləsinə gəlib çıxırsan. Gedərkən oraları tanıyan bələdçi tutmaq şərtdir. Rayon mərkəzindən 20 km şimalda, Durca kəndindən yuxarıda, Qafqaz sıra dağlarının ətəyində heç bir maneəyə toxunmadan dik vəziyyətdə 54 metr yüksəklikdən tökülən möhtəşəm şəlaləni görməkdən ötrü bu ekstrimi yaşamağa dəyər. Şəlaləyə yaxınlaşmaq özü ayrı bir zövqdür. Bunun üçün də xeyli yol getmək lazımdır. Əgər buna yol demək olarsa. Söhbət hər biri yük maşını böyüklükdə olan daşların üstündən atlamaq lazım gəlir. Nəhayət şəlalə qayaların arxasında itir. Bu dəfə daşların arasından dar bir tunelə girmək lazım gəlir. Bir insanın zor yerləşdiyi tuneldən sürünərək qayalarla əhatələnmiş nəhəng hovuzun yanına çıxırsan. Şəlalənin şırıltısından burada qulaq tutulur. Su vannasına şiddətlə töküldüyü üçün ətrafa da sıçrayır. Başdan – ayağa suya batıb oradan ayrılırsan da bu macəranı mütləq yaşamağa dəyər.

 

TURİZM (daha ətrfalı məlumat). Bu gün turizm sektoru Qəbələ rayonunda iqtisadiyyatın ən əlverişli sahəsi olmaqla kiçik və orta sahibkarlıq üçün möhkəm baza yaradır, yeni iş yerlərinin açılmasına kömək edir, regionun infrastrukturunun formalaşdırılmasında mühüm rol oynayır. Bütün bunlar 2013-2018-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının əsas müddəalarının uğurla həyata keçirilməsinə əlverişli zəmin yaradıb. Bu dövlət proqramının uğurla icrası nəticəsində rayonda yoxsulluğun səviyyəsi aşağı düşüb, işsizlərin sayı minimuma enib. Qəbələnin turizm obyektləri hər il nüfuzlu sərgilərə, beynəlxalq səviyyəli ixtisaslaşdırılmış yarmarkalara qatılır və dünya bazarında öz məhsullarını nümayiş etdirir. Rayonun turizm sektorunda çalışan peşəkarlar yaxşı bilirlər ki, xarici turistləri necə qarşılamaq lazımdır, onlar nəyi görmək, hansı adət-ənənələrlə tanış olmaq istəyirlər, milli mətbəximizin hansı nümunələrini daha çox xoşlayırlar, hansı xidmətə üstünlük verirlər.

 

Ümummilli lider Heydər Əliyev hələ 2002-ci ildə Qəbələ rayonunda səfərdə olarkən bu diyarın gözəlliyinə məftun olduğunu bildirib və Qəbələ gecələrini İsveçrə gecələrinə bənzətmişdi. Həmin vaxtdan da bu diyarın çiçəklənməsinin bünövrəsi qoyulub. Bu gün Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, ölkəmizin hər bir bölgəsi kimi, Qəbələnin də iqtisadiyyatı sürətlə inkişaf edir. Belə vüsətli inkişaf və zəngin turizm potensialı yaxın illərdə Qəbələnin dünyanın əsas turizm mərkəzinə çevriləcəyinə zəmin yaradır. Bu gün Qəbələ rayonunda eyni vaxtda 2500-dən çox qonağı yüksək səviyyədə qəbul etmək imkanına malik olan müasir tipli otellər kompleksi mövcuddur. Rayonda təbiət qoynunda rahat şəkildə ailəvi istirahət etmək üçün, həmçinin kiçik otellər, bir neçə istirahət və əyləncə mərkəzləri də fəaliyyət göstərir. Bölgənin füsunkar təbiəti, təbii resursları, insan potensialı, qonaqpərvərliyi və yüksək səviyyədə xidmət səviyyəsi bütün bunlar birləşərək Qəbələni gözəl bir turizm məkanına çevirib.

 

Məşhur “Şabalıd meşəsi”, “Rus meşəsi”, Nohur gölü, mənzərəli, Qəmərvan, Çuxur Qəbələ, Yengicə, Nohurqışlaq,  Həmzəli, Duruca, Bunud kəndləri, həmçinin Vəndam, Nic və Bum qəsəbələri turistlərin ən çox səfər etdikləri məkanlardandır. Həmçinin, rayonun səsli-küylü dağ çayları olan Dəmiraparançay, Türyançay, Tikanlıçay, Bum çay, Vəndam çay və digər kiçik çaylar, Mucux və Yeddi Gözəl şəlalələri, 60 min hektar ərazini əhatə edən fıstıq, palıd, vələs, ardıc, şabalıd meşələri, mineral və qeyri-mineral bulaqlar da əcnəbi qonaqların gəzdikləri yerlərdəndir. Regionun bitki və heyvanat aləmi qeydi-adi dərəcədə zəngindir. Qəbələnin meşələrində və dağ otlaq sahələrində maral, qaban, ayı və boz dovşana, nadir quşlardan qırqovul, kəklik və turaca rast gəlmək olar. Mövsüm vaxtı dağlarda vəhşi heyvan və quşlarının bolluğu rayona çoxlu sayda ovçu cəlb edir. Rayonun təbii iqlim şəraiti də burada turizmin inkişafı üçün yeni perspektivlər açır. Relyefi müxtəlif olan Qəbələnin şimal hissəsi Böyük Qafqaz dağ silsiləsinin cənub yamacına, mərkəzi hissəsi Alazan-Həftəran vadisinə, cənub hissəsi isə Acınohur ön dağlığına daxildir. Respublikanın ən yüksək dağ zirvəsi olan Bazardüzü (4466 metr) bu rayonun ərazisində yerləşir.

 

Azərbaycanın ən gözəl məkanlarından biri olan Qəbələ həm də çoxlu sayda tarixi abidələri, maddi-mədəniyyət nümunələri ilə məşhurdur. Qəbələ Tarix Diyarşünaslıq muzeyində bu diyarın qədimliyini əks etdirən yüzlərlə eksponat, tarixi maddi-mədəniyyət nümunələri Qəbələ haqqında tam təəssürat yaradır. Hazırda muzeydə 12 mindən çox tarixi-elmi əhəmiyyətə malik əşya saxlanılır. Bütün bu nümunələr Qəbələnin 2500 illik tarixinin əyani sübutudur. Qədim Qəbələ şəhərini əhatə edən qala divarlarının qalıqları rayonun Çuxur Qəbələ kəndində yerləşir. Çuxur Qəbələ Dövlət Tarix Mədəniyyət Qoruğunun 480 hektar ərazisi vardır. Rayonun Böyük Əmili və Nic kəndlərində alban məbədləri, Bum qəsəbəsində XIX əsrə aid məscid, Bayramkoxa kəndində IX-XIV əsrlərə aid Ustacan qalası, Həzrə kəndində XV əsrə aid Şeyx Bədrəddin və Şeyx Mansur məqbərələri turistlərin böyük marağına səbəb olan abidələrdəndir. Nazirlər Kabinetinin qərarı ilə rayonun ümumilikdə 93 tarixi mədəniyyət abidəsi dövlət mühafizəsinə götürülüb. Onlardan biri, qədim Qəbələ şəhərinin qalıqları olan ərazi dünya əhəmiyyətli arxeoloji abidələr siyahısına aiddir. 8 memarlıq, 53 arxeoloji abidə ölkə, digərləri isə yerli əhəmiyyətlidir.


Qədim Qəbələnin maddi-mədəniyyət nümunələri ilə yanaşı, müasir Qəbələ şəhəri də turistlərin böyük marağına səbəb olur. Müasir Qəbələ geniş, rahat asfalt yolları və küçələri, möhtəşəm binaları, beynəlxalq hava limanı, dünya səviyyəli Heydər Əliyev konqres salonu, beşulduzlu otelləri, yaraşıqlı parkları, idman meydançaları, istirahət mərkəzləri olan modern şəhərdir. Arxitekturası gündən-günə dəyişən və gözəlləşən müasir Qəbələ Azərbaycanın əsas turizm məkanlarından biri sayılır. Qəbələnin son illər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də bu rayona işgüzar səfərə və istirahətə gələnlərin sayını dəfələrlə artırıb. Şəhərin Heydər Əliyev Konqres Mərkəzində hətta dövlət başçıları səviyyəsində zirvə görüşlərinin keçirilməsinə yaradılan şərait dünya standartlarının bütün tələblərinə tam cavab verir. Ənənəvi Qəbələ beynəlxalq musiqi festivalının sorağı da bu gün dünyanın hər yerinə yayılıb. Festivala hər il məşhur musiqiçilər və bəstəkarlar, tanınmış ifaçılar toplaşırlar. Qonaqlar musiqi bayramında iştirak etməklə yanaşı, rayonun müasir turizm obyektlərində dincəlir, tarixi abidələri ilə tanış olur, əsrarəngiz təbiətini seyr edirlər. Hər il Qəbələ rayonunda turizm mövsümünə rəsmən iyunun 15-də başlanılır və turistlərin bu diyara intensiv axını müşahidə olunur.


Qəbələ özünəməxsus, dadlı-tamlı mətbəxi ilə də diqqəti cəlb edir. Müxtəlif növ şirniyyatları, qozla hazırlanan Həmzəli halvasını Qəbələdən başqa heç yerdə görmək olmur. Döşəməli plov və daşarası kababı isə Qəbələ mətbəxinin şahı sayılır. Bölgədə həm böyüklərin, həm də uşaqların istirahət etməsi, əylənməsi üçün hər cür şərait vardır. Rayonda turizm sektorunun inkişafı üçün ixtisaslı kadrlar hazırlayan Qəbələ Rayon Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzi respublikamızın müxtəlif bölgələrindəki turizm obyektlərinin kadrla təmin edilməsi istiqamətində uğurla fəaliyyət göstərir. Tədris mərkəzində mehmanxana inzibatçısı, mühasib-fərdi kompyuter, barmen-bufetçi-xörəkpaylayan, aşpaz qənnadçı ixtisası üzrə kadrlar hazırlanır.


Bu gün Qəbələdə irili-xırdalı 100-ə yaxın turizm obyekti fəaliyyət göstərir. Son 8 il ərzində Qəbələdə müasir turizm obyektlərinin sayı 5 dəfə artaraq 20-ə çatıb. “Qafqaz” brendi altında fəaliyyət göstərən beşulduzlu otellər, o cümlədən “Qafqaz Resorte”, “Qafqaz Riverside”, “Qafqaz Sport”, “Qafqaz Karvansaray”, “Qafqaz Yengicə Termal Hotel və SPA” kompleksi, “Qafqaz Yeddi Gözəl”,  “Qafqaz QabalaCity” otelləri xidmətin səviyyəsinə görə ölkənin ən qabaqcıl otelləri sırasındadır. “Sərin meşə”, “Duyma”, “Karvan”, “Yeddi gözəl”, “Sahil”, “Selbasar”, “Ay işığı”, “Yengicə”, “Xanlar”, “Çənlibel”, “Soyuq bulaq”  və s istirahət mərkəzləri son illərdə inşa edilən turizm obyektlərindəndir və bu məkanlarda qonaqların mənalı, xoş istirahəti üçün hər cür şərait yaradılıb. Gün ərzində bu obyektlərdə qonaqlara  milli, türk və Avropa yeməklərinin daxil olduğu restoran xidmətləri və müasir otelçilik, meşə gəzintisi, atla gəzinti, balıq ovu, göldə qayıqla gəzinti, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahət xidmətləri göstərilə bilir. Bundan əlavə, turistlər “Qəbələnd” istirahət və əyləncə mərkəzinin, otellərin nəzdindəki fitnes sağlamlıq mərkəzlərinin, sauna, masaj salonu, türk hamamı və diskotekaların xidmətlərindən də bəhrələnirlər.


Hazırda Qəbələ ərazisində inşa edilən “Aquapark” istirahət və əyləncə və “Golf Resort” idman və istirahət mərkəzləri, eləcə də iki müasir otelin tikintisinin davam etdirilməsi gələcəkdə bu rayona daha çox turistin cəlb olunmasına xidmət edəcəkdir. Çoxsaylı otellər, “Tufandağ” Qış-Yay Turizm istirahət Kompleksi, süni buz meydançaları, xizəkçilik mərkəzi, dağlara çəkilmiş kanat yolları, Stend və Ox Atıcılığı Kompleksi, Atçılıq Mərkəzi, “Qəbələ” İdman Klubunun Uşaq Futbol Akademiyası, stadionlar kompleksi, Qəbələ Mədəniyyət Mərkəzi bölgənin mədəniyyət, turizm, idman infrastrukturunda mühüm yer tutur. Hər il Qəbələ rayonunun turizm potensialının təqdimatı ilə bağlı infoturların təşkil olunur ki, bu da yerli və xarici turizm şirkətlərinin nümayəndələrinin bu məkanla yaxından tanış olması baxımından bölgədə turizmin daha sürətlə inkişafına təkan verir.


Rayonda turizmin inkişaf dinamikasına nəzər salsaq görərik ki, bu yerlərə turist axını yüksələn templə davam edir. Məsələn, 2008-ci ildə Qəbələyə 14 min 630 turist gəldiyi halda, 2013-cü ildə bu rəqəm 45 mini keçib. 2015-ci ildə Qəbələ rayonuna gələn xarici və yerli turistlərin sayı 50 min 200 nəfər olub. Turist axınının artmasına səbəb olan amillərdən biri də əvvəlki illərlə müqayisədə vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti ilə bağlıdır. Rayonun təbii şəraitinin zənginliyi və qədim tarixi ilə ilin bütün fəsillərində dünyanın bütün guşələrindən turistləri özünə cəlb edir. Bir sözlə, bu gün qədim və müasir Qəbələ özünün inkişaf dövrünü yaşayır, dünyanın əsas turizm mərkəzlərindən birinə çevrilir.