QAZAX
![](/uploads/blog/Qazax.png)
QAZAX
Qazax rayonu respublikanın qərb hissəsində, Kiçik Qafqaz dağ silsiləsinin yamaclarından başlayaraq Kür çayının sağ sahili boyunca uzanan “Gəncə-Qazax” düzənliyinin şərq hissəsində yerləşir. Qazax rayonu Şimal-qərbdən Gürcüstan Respublikası ilə 9 km sərhəddir. Ən hündür yüksəkliyi “Odun” dağıdır (1316 metr). Təbiəti əsasən düzənlikdir, cənub hissəsi alçaq dağlıqdır. Dəniz səviyyəsindən 300-800 metr yüksəklikdə yerləşir. Şimalında Tuqay meşələri və Ceyrançöl qışlaqları yerləşir. Qazax rayonu ərazisindən 5 ədəd çay keçir. Bunlar Kür, Ağstafaçay, İncəsu, Ehram və Coğaz çaylarıdır.
Qazax rayonu kənd təsərrüfatı rayonudur. İqtisadiyyatında heyvandarlıq, taxılçılıq, üzümçülk və meyvəçilik mühüm yer tutur. Ərazisinin 70.7 %-i və ya 57304 hektarı kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunlardan 32.2 %-ni və ya 21334 hektarını əkin sahələri təşkil edir.
Rayonda 37 sənaye müəssisələri fəaliyyət göstərir. Onlardan 9-u mədənçıxarma,10-u emal və 18-i digər sahələrdir.
Rayonda 1 Azərbaycan Müəllimlər İnstitutunun Qazax rayon filialı, 1 Sosial İqtisad Kolleci və 1 Peşə Liseyi, 47 ümumtəhsil məktəbi, bunlaradan 7 ibtidai, 6 əsəs və 34 orta, 31 məktəbəqədər və 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.
1 diaqnostika mərkəzi, 7 xəstəxana, 20 ambulator - poliklinika, 17 tibb və feldşer-mama məntəqəsi əhaliyə səhiyyə xidməti göstərir.
Rayonda 1 Heydər Əliyev Elm Mərkəzi, 1 rəsm qalereyası, 1 poeziya evi, 21 mədəniyyət evi, 55 kitabxana, 2 uşaq musiqi məktəbi, 24 klub, 1 teatr, 1 kinoteatr, 1 dövlət qoruğu, 2 muzey və 1 ev muzeyi vardır.
Qazaxda 112 tarixi memarlıq abidəsi var ki, onlardan 3-ü dünya, 52-si ölkə, 57-si isə yerli əhəmiyyətlidir.
Rayonda 1 Olimpiya İdman Kompleksi, 1 stadion, 2 üzgüçülük hovuzu, 5 aerobika trenajor zalı və 1 atıcılıq tiri vardır.
Qazax rayonu ərazisindən 44 km uzunluğunda Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhəddi beynəlxalq avtomobil yolu keçir. Rayondaxili yolların uzunluğu 151 km-dir.
Tarixi. Qazax Azərbaycanın qərbində şəhər və inzibati rayondur, Azərbaycanın “qərb qapısı”dır. Şimal–şərqdən Gürcüstanla, şərqdən və şimaldan Ağstafa rayonu ilə sərhəddir. Azərbaycanın qədim yaşayış məntəqələrindən biridir. Vaxtilə vilayət, sultanlıq, sonra isə qəza mərkəzi olmuşdur. Hazırda rayon mərkəzidir.
Qazax sultanlığı Qarabağ bəylərbəyliyinə daxil idi. Sultanlığın hakimləri sultan titulu daşıyır və irsi hakimiyyətə malik idilər. Hətta I Şah Abbasın fərmanı ilə 1605-ci ildə Şəmsəddin sultana xan rütbəsi verilmişdir. XVIII əsrin əvvəllərində Osmanlılar Qazağı aldıqdan sonra Qazaxda inzibati ərazi bölgüsü aparılmışdır. Qazax sancaqlıq elan edilərək 4 nahiyəyə bölünmüşdür. Bunlar Ağtala, İncə,Türk və Cuvar nahiyələri idi. Qazax sancaqlığında 205 kənd, 10 qışlaq və 5 köçəri tayfa qeydə alınmışdır. 1752-ci ildə Qazax sultanlığı Şəki xanlığına birləşdirilmişdir. 1819-cu ildə Qazax sultanlığı ləğv edilərək Qazax distansiyası yaradılmışdır. 1867-ci ilin dekabr ayında Yelizavetpol quberniyasının tərkibində Qazax qəzası yaradılmış, ərazisi 5908,24 kv.km, əhalisi 1911-ci ilin məlumatına görə 130 min nəfər olmuşdur. 1929-cu ildə Qazax qəzası ləğv edilmişdir. 1930-cu ilin avqust ayında Qazax rayonu yaradılmışdır.
Mərhum akademiklər Z.M.Bünyadovun və V.F.Minorskinin rəylərinə əsasən Qazaxın əsası VIII əsrdə ərəb sərkərdəsi Mərzban İbn Məhəmməd tərəfindən qoyulmuşdur. Bu yaşayış məntəqəsinin 1270 il əvvəl də şəhər kimi mövcudluğu barədə IX-X əsr qaynaqlarında məlumatlar vardır.