// Social media share buttons Let's Travel

BLOQ



KÜRDƏMİR




KÜRDƏMİR

 

Paytaxtdan bölgələrə səyahət edən avtobusların əksəriyyətinin dayanacaq yeridir.

 

Arayış. Bakı – Kürdəmir arası məsafə 200 km-dir. 1930 – cu ildə təşkil edilib. Şirvan düzündəki rayon Kür çayının sol sahili boyunca uzanır. Girdman və Axınçay rayonun cənub tərəfindən keçir. Düzənlik relyefə məxsus ərazinin böyük hissəsi okean səviyyəsindən aşağıda yerləşir. Yayı çox quraq keçən mülayim – isti yarımsəhra və quru çöl iqlimi var. Yovşanlı və şoranotlu yarım səhra, çəmən – bataqlıq bitkiləri üstünlük təşkil edir. Kənd təsərrüfatı rayonudur. Pambıq buranın da əsas sərvətidir. Kürdəmir eyni zamanda məşhur “Şirvanşah” üzüm növünün vətəni sayılır. Yerli xanım sənətkarlar bu günə qədər “Şilyan” adı ilə tanınmış xalçaları toxuyurlar.

 

Toponim. Toponim Kürd – əmir, Qurd – əmir və sair şəkillərdə əsaslandırılsa da, əslində başqa izaha ehtiyac duyulur. Belə ki, Kür ovalığındakı ərazilər çoxlu çay daşqınlarına məruz qaldığı üçün Kürün dəymədiyi yer kimi, yəni su basmasından kənarda qalan sahə kimi Kürdəmir şəkilində formalaşıb. Burada kür qaynar, qızğın mənasındadır. Bu halda toponimi qaynar dəmir kimi də mənalandırmaq olar.

 

Şəfqət sanatoriyası. Kürdəmir – İmişli avtomobil yolunun solunda, Kür çayı sahilindəki Mollakənd yaxınlığında, rayon mərkəzindən 25 km məsafədə yerləşən Şəfqət sanatoriyası Carlı adlı ərazidən çıxan isti radon su bazasında çalışır. Eyni anda 50 nəfərə xidmət edə bilir. Burada üzgüçülük hovuzu da var. Kürdəmirdə 1971-ci ildə neft kəşfiyyat quyusu qazılarkən 3200 metr dərinlikdən qaynar su fontan vurmağa başlayıb. Zəif sarımtıl rəngi olan bu suyun spesifik iyi var.

 

Termaldır. + 93 dərəcə temperaturda çıxır. Uzun illər tədqiq olunduqdan sonra suyun tərkibindəki zəngin mineralların hamısı aşkar edilib. Suyunda müalicəvi dozada təbii radonu olan yeganə kurort hesab edilir. Müalicəvi su Pyatiqorsk, Soçi, Saaki, Sxaltuba, Bilgəh, Naftalan, Şıxov kimi kurortların müalicəvi xüsusiyyətlərini özündə cəmləşdirib. Ürək – qan damar sistemi, hərəkət – dayaq sistemi, sinir sistemi, ginekoloji, maddələr mübadiləsi pozulması dəri xəstəlikləri və sairləri müalicəsində faydalıdır.

 

Coğrafi mövqeyi. Aran iqtisadi rayonuna daxil olan Kürdəmir rayonu mərkəz kimi 1930-cu ildə yaradılmışdır. Ağsu, Göyçay, Ucar, İmişli, Sabirabad, Hacıqabul və Zərdab rayonları ilə həmsərhəddir.


Kürdəmir - "kür dəymir" sözlərindən götürüldüyü ehtimal olunur. Yəni, Kür çayı daşarkən daşqından əziyyət çəkməyən (suyun çatmadığı yerlər) sahə Kürdəymir kimi adlanmış, zaman keçdikcə "Y" samiti assimilyasiya (aşınma) olmuş və "Kürdəmir" şəklində işlənmişdir.


Ərazisi 163151 hektar olmaqla ölkə ərazisinin 1,9 %-ni təşkil edir. Rayon 24 inzibati ərazi vahidliyi, 1 şəhər, 2 qəsəbə, 30 bələdiyyə ilə əhatə olunmuşdur.
 

Rayon ərazisinin meyilliyi 1 dərəcə, dəniz səthindən hündürlüyü 0 200 m (dərinlik və hündürlük şkalası üzrə), havanın orta illik temperaturu 17,18 dərəcə, yağışların illik miqdarı 250-300 mm, küləyin sürəti 2-3 m/san, quru subtropik iqlimə xarakterikdir.
 

Rayonun əsas fəaliyyəti bitkiçilik və heyvandarlığı inkişaf etdirmək olmaqla, son zamanlar bazar iqtisadiyyatı şəraitinə uyğun olaraq ticarət, xidmət və digər sahələr üzrə kiçik sahibkarlıq fəaliyyətinə geniş yer verilmişdir.
 

Rayonun ərazisindən Ağsu - Kürdəmir - Bəhrəmtəpə avtomobil yolunun 43 km (III dərəcəli), Ələt - Qazıməmməd - Kürdəmir - Yevlax yolunun 42 km (II dərəcəli), Bakı -Tbilisi baş dəmir yolunun 44 km hissəsi keçir.
 

Flora və faunası. Rayon ərazisində ən çox rast gəlinən heyvan növləri çaqqal, tülkü, boz dovşan, çöl siçanı, quşlardan turac, torağay, göyərçin, su quşları və sairə vardır.

 

Rayonun Mollakənd kəndi ərazisində rodonla zəngin, yodlu və bromlu mədən sularından ibarət müalicə əhəmiyyətli suyu vardır. Torpaqları boz, qonur torpaqlar qrupuna aiddir. Ərazisi düzənlikdir. Bol günəş enerjisi, Kür və Girdiman çaylarının, Şirvan kanalının su ehtiyatları, əkinə yararlı geniş torpaq fondu, Kür çayı boyunca Tuğay meşələri təbii sərvətləridir.